Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatdı

Qazaxıstan Mədəniyyəti Günləri  sərgi və qala-konsertlə başa çatdı
6 dekabr 2023
# 11:00

Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində dekabrın 4-də Heydər Əliyev Mərkəzində sərgi və qala-konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva və digər rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Öncə mərkəzdə qazax mədəniyyətini özündə əks etdirən sərginin açılışı olub. Nazir Aida Balayeva çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən söz açıb. Bildirib ki, dost ölkələr olaraq Azərbaycan və Qazaxıstan hər zaman bir-birinin rifahı və regionda sülhə nail olmağa çalışıb: “Bu gün qazax rəssamların tarix və mədəniyyətimizi əks etdirən sərgisi xalqımızın keçmişinə bir səyahətdir. Bəzən siyasətdən belə güclü olan mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Sərgiyə qatılan hər kəsə təşəkkür edirəm”.

Xanım nazir çıxışından sonra üzərində görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın rəsmi olan xalçanı Milli Məclisin sədri Sahibə Qafarovaya hədiyyə edib.

Daha sonra Heydər Əliyev Mərkəzinin böyük zalında mədəniyyət günlərinin qala-konserti olub.
Əvvəlcə səhnəyə çıxan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva deyib ki, iki ölkə arasında əlaqələr xalqlarımızın qardaşlığı ilə yanaşı, dövlət başçılarımızın dostluq münasibətləri üzərində qurulub. Bu dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.

Qazaxıstanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu, adının əbədiləşdirildiyini deyən xanım nazir, eyni zamanda dahi şair Məhəmməd Füzulinin, Azərbaycanda da böyük qazax siyasi və ədəbiyyat xadimlərinin adını daşıyan küçələrin olduğunu diqqətə çatdırıb.

Daha sonra Qazaxıstan incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Rəqs, vokal və milli musiqilərdən ibarət proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bununla da 2-4 dekabr tarixlərində ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyəti Günləri başa çatıb.

# 726 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #