Polis onu səhnədə güllələmək istədi, o hadisədən sonra teatrdan həmişəlik getdi – Xalq artisti haqqında bilmədiklərimiz

Roza Cəfərxanova. Xalq artisti

Roza Cəfərxanova. Xalq artisti

24 fevral 2022
# 12:10

Kulis.az aktrisa, Xalq artisti Roza Cəfərxanova haqqında maraqlı faktları təqdim edir.

Roza Heydər qızı Cəfərxanova 1927-ci il fevralın 23-də Ordubadda doğulub. Uşaqlıqdan teatra həvəsi olan balaca Roza 14 yaşından dram dərnəyinin hazırladığı həvəskar tamaşalarda çıxış edib.

***

Roza Cəfərxanova orta məktəbi bitirən kimi teatra istiqamətlənir. Ordubad teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasında Gülnaz, “Arşın mal alan”da Asya, “Ər və arvad”da Minnət xanım, Səməd Vurğunun “Vaqif” dramında Gülnar, “Fərhad və Şirin”də Şirin və digər rollar ifa edir.

O, altı il Ordubad teatrında çalışandan sonra 1948-ci ildə Naxçıvan şəhərinə gələrək burada fəaliyyət göstərən teatrda işləməyə qərar verir. Elə bu teatrda da onun yaradıcılıq imkanları, bacarığı, istedadı üzə çıxır. Gənc aktrisa ozamankı rejissorların diqqətini çəkir. Bir-birindən maraqlı rollar oynamaqla həmin illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisalarından birinə çevrilir.

***

Roza xanım bu teatrın səhnəsində 200-ə qədər rol oynayır. “Pəri cadu”, “Həyat”, “Astana”, “Aydın”, “Sevil”, “Od gəlini”, “Xanuma”, “Şeyx Sənan”, “Göz həkimi” tamaşalarında yaddaqalan rollar ifa edir. Bu rolların əksəriyyəti bir-birindən tamamilə fərqli şəkildə təqdim edilir. “Pompeyin Qafqaza yürüşü”, “Məşədi İbad” tamaşalarındakı rolları aktrisanın ən uğurlu yaradıcılıq işləri hesab olunur.

Aktrisa 1984-cü ildə, Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür.

***

O, teatrda işlədiyi dövrdə gələcək həyat yoldaşı olacaq insanla, Xalq artisti Əkbər Qardaşbəyovla tanış olub ailə qurur.

***

Ömrünün sonlarında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” dramında oynadığı Hökmdar qadın təkcə Naxçıvan yox, ümumilikdə, ölkə səviyyəsində teatr aləmində səs salan bir obraz idi. 70 yaşlı Roza Cəfərxanova səhnədə özündən 30-40 yaş kiçik olanlarla eyni çeviklikdə hərəkət edir, yaşına uyğun olmayan plastika nümayiş etdirirdi.

Teatrda indi də yaşlı nəslin həvəslə danışdığı bir xatirə var. Hələ 1970-ci illərdə ölkənin rayonlarından birinə qastrola gedən Naxçıvan teatrı tamaşaçılar üçün bir faciə oynayır. Həmin tamaşada Roza xanım əzazil qadın obrazını canlandırır. Tamaşa qurtarandan sonra rayon ictimaiyyəti sənətkarlarla görüşəndə rayonun polis şöbəsinin rəisi Roza xanıma yaxınlaşıb deyir:

“Sizin ifanızda səhnədəki qadınla buradakı qadını müqayisə edəndə çaşdım. Mən tamaşaya baxarkən sizə o qədər nifrət etdim ki, iki dəfə əlimi tabel silahıma atıb sizi elə səhnədəcə güllələmək istəyirdim. Siz böyük sənətkarsınız!”.

Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” Roza xanımın son tamaşasıdır. Bu tamaşa onun teatrdan həmişəlik getməsinə səbəb olur. Belə ki, Roza xanım bu tamaşada oynadığı rolda nə qədər çevik hərəkətlər etsə də, yaş özünü göstərir. Yaddaşı sözünə baxmır.

***

Bir gün bu tamaşanı növbəti dəfə izləyicilərə təqdim edəndə, səhnədə çaşır və replikanı düz vermir. Tərəf müqabili olan xalq artisti Rza Xudiyevə astadan: “Bahoo, korladım”, - deyir. Təbii ki, peşəkar aktyor olan Rza müəllim vəziyyətdən ustalıqla çıxır. Tamaşaçılar yaranan gərginliyi hiss etmirlər. Amma budan sonra Roza Cəfərxanova öz böyüklüyünü və tamaşaçı nəzərində sevimli aktrisa nüfuzunu qorumaq üçün ərizə yazıb işdən çıxır. O istəmirdi ki, bir zaman tamaşaçıların sevimlisinə çevrilən aktrisa varlığı qədər sevdiyi səhnədə onların qarşısında pis vəziyyətə düşsün!

Aktrisa 2000-ci ildə Xalq artisti fəxri adına, 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb. Xalq artisti 2010-cu ildə 83 yaşında Naxçıvanda vəfat edib.

# 7141 dəfə oxunub

Müəllifin son yazıları

# # #