Oskar mükafatlı aktyorun ölüm səbəbi məlum oldu

Oskar mükafatlı aktyorun ölüm səbəbi məlum oldu
28 aprel 2025
# 12:38

Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki malikanəsində dünyasını dəyişən 95 yaşlı Cin Hekmanın ölüm səbəbi ölümündən iki ay sonra rəsmən açıqlanıb. Aktyorun həyat yoldaşı Betsi Arakavanın cəsədi də onun yanında tapılıb.

Kulis.az-ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, həyat yoldaşı Betsi Arakava aktyordan təxminən bir həftə əvvəl vəfat edib.

Bildirilib ki, Hekman, inkişaf etmiş Alzeymer xəstəliyi səbəbindən həyat yoldaşının ölümündən xəbərsiz ola bilər.

Rəsmi sənədlərdə nəticələr belə izah edilib:

"Ciddi aterosklerotik və hipertonik ürək-damar xəstəliyinin əlamətləri var. Müəyyən edilib ki, xəstədə əvvəllər də ürək damarlarının stentləri, baypas transplantasiyası və aorta qapağının dəyişdirilməsi olub".

Bundan əlavə, ürəyin sol mədəciyində və geniş əraziyə yayılan septum nahiyəsində əvvəlki infarktın izləri aşkar edilib. Beyin müayinəsi inkişaf etmiş Alzheimer xəstəliyinin əlamətlərini ortaya qoydu.

Tibbi prosedurlar da təsdiqləyir ki, aktyora əvvəllər ürək çatışmazlığı diaqnozu qoyulub və 2019-cu ilin aprelində iki kameralı kardiostimulyator implantasiya edilib.

Bundan başqa, hadisədən sonra ailənin şübhələndiyi dəm qazından zəhərlənmə ehtimalı da araşdırılıb və qanda dəm qazının norma daxilində olduğu müəyyən edilib.

Beləliklə, məşhur aktyorun həyat yoldaşı Betsi Arakavadan fərqli bir səbəbdən öldüyü təsdiqlənib. Betsi Arakavanın ölüm səbəbi daha əvvəl hantavirus ağciyər sindromu olaraq açıqlanıb. Bu nadir xəstəlik gəmiricilər vasitəsilə ötürülür.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

# # #