Ölümündən sonra "Pulitzer" alan ilk şair - Feministlər niyə onun qəbrini dağıtmışdılar?

Ölümündən sonra "Pulitzer" alan ilk şair - Feministlər niyə onun qəbrini dağıtmışdılar?
27 oktyabr 2025
# 13:03

27 oktyabr tanınmış amerikalı şair Silviya Platın doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Məşhur "Sırça fanus" ("The bell jar") romanının müəllifi amerikalı şair və yazıçı Silviya Platın həm həyatı, həm də əsərləri bu gün də oxucuları düşündürməkdə davam edir.

Yazdıqları ilə bir çox insanı təsirləndirən, dövrünün öncül ədəbi simalarından olan Platın bir çox əsəri ölümündən sonra çap olunub.

Plat ilk şeirini “Şeir” adı ilə "Boston Herald" qəzetinin uşaq bölməsində dərc etdirib.

Daha sonra onun əsərləri "The New Yorker", "The Atlantic Monthly" və "Harper’s Bazaar" kimi nüfuzlu jurnallarda da çap olunub.

Silviyanın atası Otto Plat arıçılıq üzrə mütəxəssis idi, Almaniyadan ABŞ-a köç edib və sonradan entomologiya üzrə professor olub. O, 1934-cü ildə “Tüklü arılar və onların həyatı” adlı kitabını nəşr etdirmişdi.

Arılar və xüsusilə ana arının rolu barədə yazdığı bu əsər Silviya üçün böyük ilham mənbəyi olmuşdu.

Otto Plat Silviyanın 8 yaşı olanda şəkər xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib. Bu itki onun bütün həyatına kölgə salıb.

1962-ci ilin payızında, yaradıcılığının zirvəsində olarkən o, cəmi bir həftəyə “Arı şeirləri” adlanan beş şeir yazıb.

Bu şeirlər sonradan onun məşhur “Ariel” toplusuna daxil edilib.

Ölümündən sonra tapılan əlyazmaları arasında uşaqlar üçün yazılmış hekayələr də var idi.

Onu çox zaman faciəvi bir şəxsiyyət kimi xatırlasalar da, Plat gənc yaşlarından parlaq uğurlara imza atmışdı. O, Smith Kollecdə oxuyub, daha sonra təqaüdlə Kembric Universitetinə qəbul olunmuşdu.

Yazı bacarığı ilə bir çox mükafatlar qazanıb.

Smit Kollecində oxuyarkən qazandığı bir müsabiqə nəticəsində “Mademoiselle” jurnalında yay təcrübəsinə seçilib. 1953-cü ilin yayını Nyu-Yorkda keçirib.

Bu təcrübə onun həm həyatında, həm də “Sırça Fanus” romanının uğur qazanmasında mühüm rol oynayıb. Romanın hadisələri həmin dövrdə yaşadıqlarına əsaslanır.

Bu dövr onun üçün həm iş, həm də daxili çətinliklərlə dolu idi. Nyu-Yorkdan geri döndükdən sonra ağır depressiyaya düşüb və intihara cəhd edib. Daha sonra müalicə alıb, universitetə qayıdaraq fərqlənmə diplomu ilə məzun olub.

1960-cı ildə İngiltərədə yaşadığı dövrdə ilk şeir kitabı “The Colossus” nəşr olundu. Kitab böyük satış əldə etməsə də, tənqidçilərdən müsbət rəylər alıb. “Sırça Fanus” romanı isə o öldükdən bir ay əvvəl “Viktoriya Lukas” təxəllüsü ilə çap edilib, çünki nəşriyyat məhkəmə riskindən çəkinirdi. Kitab 1971-ci ildə Platın öz adı ilə ABŞ-da yenidən nəşr olunub və çox satılıb.

Plat Kembricdə oxuyarkən sonradan Böyük Britaniyanın rəsmi şairi titulunu alacaq Ted Hyuzla tanış oldu. Cütlük cəmi iki ay sonra - iyunun 16-da Ceyms Coysun xatirə günündə evlənib.

Silviya bacısına yazdığı məktubda belə demişdi:

“Heç vaxt bu qədər gözəl şeirlər yazmamışdım. Özümə bərabər bir insan tapdığım üçün çox güclü hiss edirəm.”

Lakin bu evlilik çox ziddiyyətli idi. 1960-cı ildə Plat hamilə ikən Hyuzun ona xəyanət etdiyini və zorakılıq göstərdiyini söyləmişdi.

Onlar son aylarında ayrılmışdılar, Plat iki uşağı ilə Londonda yaşayırdı. Onun intiharından sonra sonra bütün əlyazmaları və mirası qanuni olaraq Hyuza qaldı. Hyuz “Ariel” toplusunu nəşr etsə də, bəzi şeirləri çıxarıb ardıcıllığı dəyişdirdi.

Silviya Plat ən yaddaqalan şeirlərini ölümündən bir az əvvəl yazmışdı. Bu dövrdə o, “Xanım Lazar” ("Lady Lazarus") və “Ata” ("Daddy") kimi ən məşhur şeirlərini yaradıb.

Plat 1963-cü il, fevralın 11-də uzunmüddətli depressiya və gərgin yaradıcılıq dövründən sonra intihar edib.

1982-ci ildə Plat ölümündən sonra Pulitzer mükafatına layiq görülən ilk şair olub. Bu mükafatı Ted Hyuz tərəfindən tərtib edilən “The Collected Poems” ("Şeirlər toplusu") kitabı qazanıb.

Hyuz ön sözdə belə yazmışdı: “Əgər qarşısındakı taxtadan masa düzəldə bilməsəydi, bir oyuncaq və ya kiçik bir əşya hazırlamaq belə onu xoşbəxt edərdi.”

Silviya Platın uzun illərdir “depressiyalı şair” obrazı mövcuddur. 2001-ci ildə psixoloq Ceyms C. Kaufman bu anlayışı “Silviya Plat effekti” adlandırmışdı. Lakin sonradan Kaufman bu addan peşman olduğunu, gənc və düşüncəsiz davrandığını etiraf edib.

Plat İngiltərənin Qərbi Yorkşir bölgəsində dəfn olunub. Qəbir daşı bir neçə dəfə vandalizmə məruz qalıb — bəzi feminist qruplar ərinin soyadını silib, daş isə daha sonra tamamilə dağıdılıb.

Ted Hyuz 1989-cu ildə yazırdı: “Qəbir daşı hazırlanarkən yeganə sualım "Plat" soyadını necə yerləşdirəcəyim idi. Hüquqi olaraq onun adı Silviya Hughes idi, amma 1963-cü ilə qədər Silviya artıq Plat soyadı ilə tanınır və bu adla şöhrət qazandığını çox yaxşı bilirdim”.

Silviya Platın ölümündən uzun illər keçməsinə baxmayaraq, o, hələ də dünyanı təsirləndirməyə davam edir.

Yazdıqları yeni nəsil şairlərə və yazarlara ilham verir, tənqidçilər isə onun yaradıcılığını hələ də müzakirə edirlər.

Silviya Platın əsərləri onu əbədi yaşadan ədəbi mirasdır.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər