Ölüm səhnəsi onu aktyor elədi, oğluna xəstə damğası vurdular – Atası ondan niyə imtina etmək istədi?

Sadıq Hüseynov, Əməkdar artist

Sadıq Hüseynov, Əməkdar artist

1 iyun 2022
# 12:30

Bu gün hər kəsin Savalan baba kimi tanıdığı, aktyor, Əməkdar artist Sadıq Hüseynovun doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Sadıq Ömər oğlu Hüseynov 29 dekabr, 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olur. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edir. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığından müəllim kimi işləməyə başlayır. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyətini davam etdirir.

Нет описания.

***

Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılır. Müharibə başa çatandan sonra o, Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilir. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynovu görkəmli rejissor Adil İsgəndərov 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edir.

***

“Azdrama”da müxtəlif obrazlar yaradır. Akademik Dövlət Dram Teatrında səhnəyə qoyulan “Fərhad və Şirin”də Şiruyyə, “Otello”da Senator, “12-ci gecə”də Pavloni, “Vaqif”də Vidadi, “Od gəlini”ndə Yanardağ, “Xəyyam”da Əbu Tahir, “Həyat” pyesində Xəlil, “Günahsız müqəssirlər”də Dudukin, “Qaçaq Nəbi”də Qəhrəman rollarını ifa edir.

***

Sonralar aktyor “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan Televiziyası və Radiosunda işləyir. Teatr və kinoda müxtəlif rollar oynamaqla yanaşı, həm də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin radio efirində də çıxışlar edir, verilişlər aparır, obrazlar yaradır.

***

İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq verilişlərində də aparıcılıq edir ki, sonda uşaqların sevimli Savalan babasına çevrilir.

***

Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib. Həmin filmlərdən “Axırıncı aşırım”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Qaçaq Nəbi”, “Evlənmək istəyirəm”, “Dəli Kür”, “Bir cənub şəhərində”, “Qəm pəncərəsi”ni sadalamaq olar.

Нет описания.

***

Tanınmış publisist İntiqam Mehdizadə aktyorun həyat və yaradıcılığına həsr etdiyi xatirələrində bildirir ki, Sadıq Hüseynovun uşaqlığında Kürdəmir rayon qəzetinin bir redaktoru olub – Əbdülbağı Bağıyev adında. Sadığın atasıyla da möhkəm dost imiş. Tez-tez onlara gələr, Sadığın küçə tamaşalarındakı məharətli çıxışlarından dostuna danışarmış. Amma atası hər dəfə bu söhbətlərdən darılar, dilxor olar, yəni övladının belə bir yol seçməsi ürəyindən olmazmış.

***

Günlərin birində Əbdülbağı müəllim Sadığın atasıyla aralarındakı haqq-saydan istifadə edib onun icazəsiylə uşağın əlindən tutub özüylə rayon mədəniyyət evinə aparır. Burada bir tamaşanın məşqləri gedirmiş. Əbdülbağının özü də nurlu ziyalı olmaqla bərabər, həm də gözəl artistlik qabiliyyətinə malik imiş. Ə.Haqverdiyevin “Ağaməhəmməd şah Qacar” faciəsində oynadığı baş rol uzun illər dillərdə gəzirdi. Həmin gün kürdəmirli teatrsevərlər üçün S.S.Axundovun “Laçın yuvası” pyesi hazırlanırmış.

Məşqləri dörd gözlə seyr edən Sadıq atasının bu ziyalı dostunun məharətinə vurulur. Günlər ötür, məşqlər tamamlanır, tamaşa günü gəlib çatır və rayonun sənətcanlı insanları kimi Sadıq da atasına qoşulub “Laçın yuvası”na baxmağa gedir. Tamaşanın sonunda Əmiraslan ağa çılğın halda bolşeviklərin tapındığı qırmızı rəngə işarəylə “Qırmızı! Qırmızı!” deyərək xəncəri köksünə sapladığı anda Sadıq bərkdən qışqırıb atasına sığınır...

Elə o qışqırmaq, bu qışqırmaq, Sadıq Hüseynov vurulur aktyorluq sənətinə, bu sahənin fədaisi, dəlisi olur.

***

İntiqam Mehdizadənin xatirələri:

“O vaxtlar Kürdəmirə tez-tez teatr truppaları gəlir, insanları əyləndirir, həm də onlara dövrün tələblərinə uyğun təbliğat aparırdılar. Sadıq bir tamaşanı belə buraxmaz, hər bir aktyorun səhnə hərəkətini acgözlüklə izləyər, beləcə, qiyabi surətdə teatr “təhsili” alardı. Axır ki, özlüyündə qərar verdi: “Yox! Heç nəyə əlim yatmır, mən gərək aktyor olam. Yoxsa batıb gedəcəm”. Yeganə pənah yeri Əbdülbağı müəllim oldu. Fikrini ona bildirdi. Bu görkəmli əyalət ziyalısının əlindən başqa nə gələ bilərdi ki? O, Sadığı özünün Kürdəmir teatrsevərlərindən yaratdığı aktyor truppasına dəvət elədi. Burada o, cəmi-cümlətanı bir-neçə epizodik rol oynaya bildi. Sonra qarşıda məsum bir tamaşa, qanlı bir səhnə yarandı – İkinci Cahan Müharibəsi başlandı və Sadıq da həyatda növbəti “rolunu” oynamaq üçün əyninə əsgər şineli geyinib cəbhəyə yollandı.

Нет описания.

***

Və bu tamaşa antraktsız-filansız düz beş il çəkdi. Əsgər şineliylə, döşündəki medallarla Vətənə qayıdan Sadıq gələcəkdə adlı-sanlı aktyor olacaq, fəxri adlara layiq görüləcəkdi. Amma ömrünün sonunacan həm də müharibə veteranı kimi tanınacaqdı.

***

Kürdəmirə daha bir truppa gəldi. Bu dəstənin aparıcı aktyoru Yusif Vəliyev idi. Axşam mədəniyyət evində “Qız qalası”nı göstərdilər. Yusifin ifa elədiyi Xan rolu Sadığı hayıl-mayıl elədi. Özünə qəti söz verdi ki, bu truppaya qoşulub gedəcək. Amma onun aktyorluq arzusuna ta əvvəldən etiraz eləyən atasından keçə bilmədi. Az sonra Göyçay teatrının aktyorları peyda oldu. Onların bədii rəhbəri Leninqradda yüksək teatr təhsili almış rejissor Yusif Yıldız idi. Afişalar vuruldu, amma “Eşq və intiqam” tamaşasının gedəcəyi günün axşamı məlum oldu ki, Əlimərdan bəyi oynayacaq aktyor yoxdur. Yusif Yıldız Sadığın həvəsini, hazırlığını bəyənib rolu ona tapşırır. Tamaşa uğurla yola verilir. Sadıqdakı aktyor səriştəsini görüb qiymətləndirən sənətkarlardan biri də Müxlüs Cənizadə olur. Təkid eləyir ki, o, mütləq peşəkar təhsil almalıdır. Amma yenə atası qabağını kəsir, əgər aktyor olarsa oğlundan imtina edəcəyini dilinə gətirir. Uzun söz-söhbətdən sonra Sadıq atasına “kələk” gəlir. Deyir “ay ata, Teatr İnstitutuna gedənlərin hamısı aktyor olmur ha, buranın rejissorluğu var, operatorluğu var... Mən də teatrşünas olacam, yəni tamaşaları, aktyorları tənqid edəcəm”.

***

Beləcə, kişini razı salıb Teatr İnstitutunun aktyorluğuna sənəd verir, qəbul olunur. Sonradan bunu bilən atası düz on il oğlunu dindirmir. Amma günlərin bir günü qardaşı Soltan Hüseynovun təkidiylə Bakıya gəlib “Vaqif” tamaşasına baxan kişinin fikri dəyişir. Belə ki, tamaşadan sonra Soltan müəllim qardaşından soruşur ki, “hə, necədi, “Vaqif” xoşuna gəldi?”. Kişi qayıdır ki, “əla teatr idi”. Sonra soruşur ki, “bəs ordakı Vidadi rolu necə, ürəyindən oldumu?”. Sadığın atası bulud kimi tutulur. Qayıdır ki, “o kişi nə yaman kədərli oynayırdı, onun qəm-qüssəsi, dost yolunda çəkdiyi əzab-əziyyət ürəyimi yaman kövrəltdi”. Bu yerdə Soltan müəllim deyir “a kişi, o rolu oynayan sənin oğlun Sadıq idi də!... Beləcə, atası alnından öpüb oğluna xeyir-dua verir...”

Нет описания.

***

Aktyorun oğlu Arzu Hüseynov, onun yolunu davam etdirsə də, uzun zamandır maddi imkansızlıq yaşayır. Xəstəsən deyib, onu bir çox yerdə işə götürmürlər. O, müsahibələrinin birində bu haqda deyir:

“Xəstə mənə "xəstə" deyənlərdir. Gözümdə problem var idi, o da əməliyyat olundu. Nə xəstəlik? Xəstəliyi həkimlər təyin edir, bu günə qədər, Allaha şükür, heç bir xəstəlik haqqında diaqnoz qoyulmayıb. Yeri gəlincə, mən sakit, sənətsiz qala bilmirəm. Özüm müəyyən səhnələr çəkirəm, montaj edirəm, internetdə dostlarımla paylaşıram. Amma kanallar sponsor istəyir deyə televiziya üçün işim alınmır. Bir də güclü texnikam yoxdur ki, çəkilişləri onunla edim. Bir neçə ildə 1 seriyalı filmə çəkilmişəm, kinoteatrda gedib. Arada Space TV-də də yumoristik verilişə çəkilmişəm. Demək istəyirəm ki, özləri çağırmır, çağırsalar, maddi durumum da yaxşı olar”.

***

Sadıq Hüseynov 1974-cü ildə “Əməkdar artist” fəxri adını alıb. Görkəmli sənətkar 1 iyun, 2003-cü ildə vəfat edib.

# 5012 dəfə oxunub

Müəllifin son yazıları

# # #