Nurlan Əzizbəyli: "Mən "Xalq artisti" olmalıyam, ancaq heç "Əməkdar artist" də deyiləm"

Nurlan Əzizbəyli:  "Mən "Xalq artisti" olmalıyam, ancaq heç "Əməkdar artist" də deyiləm"
11 yanvar 2024
# 14:30

“Düz 8 yaşımdan səhnədəyəm. Bu il artıq 39 il olacaq. Böyük müsabiqələrdə laureat adı qazanmışam, vətənimə birincilik gətirmişəm. Amma bu gün özümü layiq olduğum yerdə görə bilmirəm. Təbii ki, bu fəxri adla da bağlıdır. Bu gün "Xalq artisti" fəxri adını daşımalıyam ki, heç "Əməkdar artist" fəxri adım da yoxdur. Mədəniyyət Nazirliyinə müraciət etmişəm, hələ də gözləyirəm”.

Kulis.az xəbər verir ki, bu sözləri "Moderator.az"a danışan tanınmış müğənni Nurlan Əzizbəyli deyib.

“Uzun illərdir filarmoniyada çalışıram, oradan aldığım məvaciblə ehtiyaclarımı təmin edə bilmirəm. El şənliklərinə də dəvət etmirlər. Ara-sıra olur. Yox dərəcəsindədir. Səs potensialım da var, səhnədə durmağa gücüm də var, amma dəvət yoxdur. Şou proqramlara da dəvət olunmuram. Çox çətindir, maddi vəziyyətim çox aşağıdır. Ağlamıram, sadəcə, reallığı sizinlə bölüşürəm. Yeni mahnılar yazdırmaq lazımdır, amma bu da maddi duruma dirənir. Efirlərə tez-tez çıxmamağımın səbəbi də yeni mahnılarımın olmamasıdır. Hər verilişə də getmirəm. Aşağı səviyyədə olan verilişlərimiz çoxdur...

Bu hala görə heç kimi günahlandıra bilmərəm. Heç kimi də düşmənim deyil. Səbəbini özüm də araşdırmağa çalışmışam, amma tapmamışam. Bir sənətkar olaraq aiddiyatı qurumlardan, aidiyyatı insanlardan xahiş edirəm ki, onlar mənim sənətimin batıb getməsinə göz yummasınlar. Yerimdə boşu-boşuna sayıram. Sənətkar üçün bundan ağır şey nə ola bilər? Hətta o vaxt əmim Ramiz Əzizbəyli də mənə görə bir çox yerlərə müraciət etdi, amma heç bir nəticəsi olmadı. O da çox üzülürdü. Hər dəfə də deyirdi ki, səbrli ol, hər şey yaxşı olacaq..."

Müğənni cari verilişlərdən, indiki musiqinin keyfiyyəti barədə də danışıb:

“O vaxt bir dövlət kanalımız var idi. Elə verilişlər var idi ki, açılışını mən edirdim, hər gün çıxışlarım olurdu.
Sənətdən anlayışı olmayanlar bütün günü efirdədir. Musiqilər də bir badam, bir qoz. Ekran qarşısında oturan tamaşaçı o mahnılardan nə nəticə çıxaracaq?! Necə zövq alacaq?! Yaradıcı insan yalnız fəaliyyətdə olarkən stimul qazanır. Bu olmayanda küsüb-inciyirəm, özümə qapanıram, sınıram. Ümid edirəm ki, qara buludlar tezliklə başımın üstündən çəkilər..."

# 2479 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #