Nə müharibə var, nə göz yaşı… – Günün şeiri

Nə müharibə var, nə göz yaşı… – Günün şeiri
16 sentyabr 2022
# 11:20

Bu gün şair Aqşin Evrənin doğum günüdür. Kulis.az bu münasibətlə onun məşhur “Dünya yaşıl olanda” şeirini təqdim edir.

Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.

# 1770 dəfə oxunub

Müəllifin son yazıları

# # #