“Nazirliyin qərarı yolverilməzdir” - DokuBaku-da nə baş verir?

“Nazirliyin qərarı yolverilməzdir” - DokuBaku-da nə baş verir?
29 sentyabr 2023
# 18:41

DokuBaku Film Festivalına təqdim olunan üç film festivalda nümayiş olunmayıb.

Kulis.az bu mövzu ilə bağlı kino adamlarının fikirlərini təqdim edir.

Aygün Aslanlı (moderator)

Atasına üsyan edən oğulun məğlubiyyəti – Aygün Aslanlı yazır...

Öz adıma deyə bilərəm ki, üç filmin senzuraya məruz qalıb festival proqramından çıxarıldığı barədə festivalın başladığı gün xəbər tutmuşam. Əslində, üç yox, beş filmin çıxarıldığı barədə eşitmişik; üç yerli, 2 əcnəbi. Biri İran filmidir. Yeri gəlmişkən, o film də İran kinosundakı senzura ilə bağlıdır. Biri də alman rejissorun filmidir. Azərbaycan-Ermənistan sərhəddində baş verənlərdən bəhs edir. Filmləri görməmişəm, xəbərim yoxdur. O filmlər barədə ətraflı məlumat ala bilmədiyimizə görə, adlarını siyahıya daxil etmədik.

Etirazımızı yayımlayıb təşkilatçılarla görüşəndə onlar bizə bildirdilər ki, Mədəniyyət Nazirliyi və ARKA Orxan Fikrətoğlunun simasında festivala daxil olan filmləri bir-bir incələyiblər və bu filmlərin göstərilməsini uyğun bilməyiblər. Ölkəmizə xaricilər gəlir, onlar bizi pis tanımamalıdırlar kimi səbəblər irəli sürdülər. Festival təşkilatçıları bizə söz verdilər ki, filmlər proqrama bərpa olunacaq. Dünən də vaxtı elan olunmuşdu. Axşam saat 8-də tamaşaçılar filmləri izləməyə gələndə kinoteatrın əməkdaşları onları zala buraxmayıblar və bildiriblər ki, onlara seansda filmlərin dəyişdiyi barədə xəbər verilməyib. Halbuki həmin saatlar festival üçün əvvəlcədən ayrılmışdı. Filmlər müxtəlif səbəblərə görə dəyişə bilər. Üstəlik, orada filmlərin adları yazılmış bannerlər də yox idi. Filmlər çox absurd bəhanələr gətirilərək göstərilmədi.

Nazirliyin bu qərarı yolverilməzdir və sənətə məhdidiyyət qoymaqdır. Festival fərqli fikirləri təqdim eləmək üçündür. Burada əsas məqsəd inkişafdır. Ona görə də belə senzura tətbiq olunması yolverilməzdir. Festivala ona görə etiraz etdik ki, onlar senzuranın qarşısında zəiflik göstərib boyun əyiblər. Üstəlik, bu barədə məsələnin üstü açılana qədər açıqlama verməyiblər. Buna görə də biz festivalla əlaqəmizi kəsdik.

Mədəni tədbir və festivallara dəstək vermək Mədəniyyət Nazirliyinin borcudur. Bu onun funksiyalarından biridir. Onun işi məhdudlaşdırmaq yox, dəstəkləməkdir. Heç kim öz zövqü, düşüncəsi ilə sənətə qadağa qoya bilməz.

Hacı Səfərov (juri)

Kino Agentliyini tənqid edirlər: "Borcumuzu ödəsinlər, sonra müsabiqə  keçirərlər"

Dedilər ki, filmlər festivalda nümayiş etdiriləcək, amma nümayiş gerçəkləşmədi. Həmin filmlərin göstərilib-göstərilməyəcəyi qeyri-müəyyəndir. Festival rəhbərliyi ilə kommunikasiya girmək mümkün olmadığı, doğru-dürüst bir açıqlama ala bilmədiyimiz üçün biz fəaliyyətimizi dayandırdıq. Vəziyyət budur hazırda.

Türkan Hüseyn (jüri)

Kino Agentliyini tənqid edirlər: "Borcumuzu ödəsinlər, sonra müsabiqə  keçirərlər"

Hazırda bu barədə sizə məlumat verə bilməyəcəm. Siz nə qədər bilirsinizsə, mən də o qədər bilirəm. Çünki mən festivalda sadəcə jüri idim və sonradan bundan imtina eləmişəm. Bütün yerli jüri heyəti, moderatorlar və bir neçə könüllü hazırki vəziyyətlə bağlı festivalla əməkdaşlıqdan imtina eləyib.

# 2259 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #