Narkomanları, cinayətkarları qəhrəmana çevirənlər - Xəzər Süleymanlı

Narkomanları, cinayətkarları qəhrəmana çevirənlər - Xəzər Süleymanlı
26 avqust 2024
# 11:00

Kulis.az Xəzər Süleymanlının "Qəhrəmanlar" adlı yazısını təqdim edir.

Yəqin ki, bir çoxunuz Nail Kəmərlinin “qəhrəmanlarını” görmüsüz. Narkomanlar, cinayətkarlar, həyatı alınmayan və bəlkə də, neçə insanın həyatını məhv edənlər.

Diqqət etmisizsə, həmin “qəhrəmanların” söhbətləri trend olur. Milyonlarla baxış toplayır. Paylaşılır. Vatsapp statuslarını bəzəyir. Hətta ən dəhşətlisi - kanallara ekspert kimi dəvət olunanlar da var.

Xalqın böyük bir qismi bu adamların fikirlərini aforizmə çevirir, onların “yumoruna” gülür, onları izlədikcə əylənir. Həsrətlə söhbətin növbəti hissəsini gözləyir.

Bu, dəhşətdir! Özünü ifadə edə bilməyən milyonlarla adam var ölkədə. Hansı ki, bir narkomanın, bariqanın, cinayətkarın, təxminən, “ata-anaya vaxtında qulaq asın, onlardan başqa sizə yanan olmayacaq” tərzində fikrini musiqiylə bəzəyib vatsappda-zadda paylaşırlar.

Səbəbi çox sadədir: bu böyük kütlə həmin adamlarla müqayisədə bir pillə üstündür. Cəmi bircə pillə. Yəni münbit şəraitdə bu böyük kütlə bir pillə sürüşüb həmin narkomanlara, cinayətkarlara çevriləcək potensial beyinlərdir.

Bu böyük kütlə həmin adamları ona görə paylaşır ki, bir az təsəlli tapsınlar. Cəmi bir pilləylə onlardan hələ ki, yaxşı vəziyyətdə olduqlarına özlərini, başqalarını inandıra bilsinlər. Heç olmasa, elçi-zad gedəndə əllərində sübut olsun ki, əşşi, nə olub e, bizə, filankəs kimi gedib küçədə qalmırıq ki.

Amma bu böyük kütləyə heç vaxt maraqlı olmayacaq.
Kim?
Məsələn, bu il Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə 687 balla daxil olan gənc.

Ona görə maraqlı olmayacaq ki, bu böyük kütləylə həmin gənc arasındakı pillələr həddindən artıq çoxdur. Bu böyük kütlə yaxşı bilir ki, nə etsələr də, o gənc qədər əzəmətli görünə bilməzlər. Nə etsələr də, onun məqamına yaxın düşə bilməzlər.

Amma əllərində onlardan cəmi bir pillə aşağıda dayanan və hardasa fikirləri, yaşayışı üst-üstə düşən Nail Kəmərlinin “qəhrəmanları” var. Hansı ki, onlardan olmaq iki vur ikidir.

Bu böyük kütləni təkrar qazanmaq mümkün deyil! Buna nə təhsilin gücü çatar, nə də təbliğatın.
Allah köməkləri olsun...

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #