Musiqili Teatrda mövsümün son yubileyi

Musiqili Teatrda mövsümün son yubileyi
14 iyul 2025
# 18:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 2024-2025-ci illər mövsümünün son tamaşalarından biri – “Əliqulu bu gün evlənir” musiqili komediyası oynanılıb.

Kulis.az xəbər verir ki, görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın uzun illər müxtəlif teatrlarda tamaşaya qoyulan “Əliqulu evlənir” komediyası ötən il yeni ad, quruluş və janrda Musiqili Teatrın səhnəsinə qayıdıb.

Xalq artisti İlham Namiq Kamalın libretto və quruluş müəllifi olduğu, baş rolu da özünün oynadığı tamaşanın premyerası sənətkarın 75 illiyi münasibətilə 2024-cü il dekabrın 19-da keçirilmişdi.

Səhnə əsərinin musiqi müəllifi mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssam Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.

Tamaşada İlham Namiq Kamalın tərəf-müqabilləri – Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Səmədzadə Xasiyev, Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin teatrın xor və balet artistləri iştirak edirlər.

Məşhur əsərin səhnədə yenidən tamaşaçı ilə görüşməsi sənət bayramıdır. Üstəlik, əsər həm quruluş və bədii tərtibatı, həm də aktyor oyunu ilə baxımlı alınıbsa, bu, truppa üçün də, teatrsevərlər üçün də ikiqat bayramdır.

İkihissəli musiqili komediyanın ötən şənbə nümayişi bunu bir daha təsdiqləyib.

Bütün heyətin şövqlə oynadığı tamaşa sürəkli alqışlarla qarşılanıb.

Sonra teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirovaya iştirakçıları salamlayaraq diqqətə çatdırıb ki, budəfəki mərasimin səbəbkarı teatrın sevilən aktrisası, tamaşada Humay rolunu oynamış Rəsmiyyə Nurməmmədovadır. Aktrisa bu günlər yubileyini – 60 yaşını qeyd edir. 40 ilə yaxın yaradıcılıq həyatı olan Rəsmiyyə Nurməmmədova Musiqili Teatrda onlarla səhnə əsərində yaddaqalan rollar oynayaraq tamaşaçı rəğbəti qazanıb.

Vəfa Mühacirova yubilyara yeni sənət uğurları arzulayıb və ona teatrın, eləcə də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin adından fəxri fərman və gül dəstəsi təqdim edib.

Rəsmiyyə Nurməmmədovaya daha bir təbrik Azərbaycan Teatr Xadimləri İttifaqı adından səslənib. İttifaqın sədr müavini İlham Namiq Kamal aktrisaya xoş sözlərini bildirib, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılovun imzası ilə diplom və gül dəstəsi təqdim edib.

Akademik Musiqili Teatr mövsümə iyulun 13-də "O olmasın, bu olsun" (Üzeyir Hacıbəyli) tamaşası ilə yekun vurub.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

# # #