Müharibənin gətirdiyi fəsadlar

Müharibənin gətirdiyi fəsadlar
1 mart 2022
# 14:00

Əsr XXI! İl 2022!

Adam çaşıb qalır. Bu qədər tərəqqinin, pik həddə çatan texnologiyanın əhatəsində bir çoxlarının zehni orta əsr səviyyəsindən də aşağıda qalıb. Tarixən aparılan qanlı savaşların heç biri heç kəsi xoşbəxt etməyib! Fikrən tarixi vərəqləyirəm. İki dünya cahangiri: İldırım Bəyazidlə Topal Teymurun bir dialoqu qarşıma çıxır:

İldırım Bəyazid:

- Sən topal, mən kor. Əgər yığın-yığın dəyərli insanların taleyini biz təyin ediriksə, bu dünya heç nəyə dəyməz!

Dialoqda da vurğulandığı kimi, müharibə nəfs və şəxsi ambisiya nəticəsində psixoloji cəhətdən xəstə olan birilərinin hesablaşmasıdır. Fəlakət orasındadır ki, bu qanlı hesablaşmanın bədəlini heç bir günahı olmayan insanlar ödəyirlər.

Müharibə - vəhşiliklə xəstəliyin birləşməsidir.

Müharibə - əzabdan doğan həyəcandır.

Müharibə - qanadı qırılmış cəmiyyətdir.

Müharibə - amansızlığın gətirdiyi yetimlikdir, sarsıntının bəxş etdiyi günahsızlıqdır.

Müharibə - əbədi ayrılıqdır, həsrətdir, göz yaşıdır, zülmdür.

Müharibə - yarım qalmış ömürlərdir, arzulardır, əbədi kədərdir, nisgildir.

Müharibə - kimsəsiz körpələrin uzaqlara dikilmiş kədərli gözləridir, göylərə bülənd olan ah-nalədir.

Müharibə - oğulları şəhid edən, gəlinləri ağlar qoyan kabusdur.

Müharibə - yaşaya bilmədiyin uşaqlıqdır, doya bilmədiyin gənclikdir, şikəst edilmiş talelərdir!

Müharibədə qan torpağa səcdə edər. Qaranlıq gecələr aydınlıq bir səhərə qovuşmaq ümidi ilə yeni günün başlamasını dilər. Ümid dolar, qəm aşar, lakin müharibə davam edər. Saniyələr dəqiqələrlə mübahisə edər, zaman belə qan qoxar.

Müharibədə küləklər at oynadar, həsrət yaman olar. Mərmilərin səsi havanı titrədər, insanı ürküdər. Kin-küdurət düşmənə lənət oxuyub nifrət tökər. Atılan avia zərbələr, toplar boğar çəməni, soldurar çiçəkləri. Bütün gözəl mənzərələr çevrilər qəm-qüssəyə. Müharibə ataları kədərə sövq edər, anaları saçını yolmağa. Bir sözlə, hər kəs göz yaşına sığınıb nəfəsini əzaba yoldaş edər. Hamı bürünər kədər yorğanına. Hamı bu dəhşətin bitməsini arzulayar. Amma düşmən rəhm etməz, uşaqlı, qocalı, hamını bir alovda yandırar. Arzusuna çatmaq üçün tarixin ən qanlı döyüşünü nümayiş etdirər. Alçaqca, şərəfsizcə addımlar atıb yüzlərlə, minlərlə canı torpaqla qucaqlaşdırar…

Müharibədə təbiət küsər, quşlar başqa diyarlara köçər. Müharibədə göyə qalxan ah-nalələrdə necə ömrün xəzəli bitər.

Müharibənin acı fəsadlarını öz taleyində yaşayan bizlər əlilliyi, atasızlığı, stressin yaratdığı xəstəlikləri hamıdan yaxşı bilirik. Ha ümid edirik ki, hər şey yaxşıya doğru dəyişər, amma olmur! Müharibələrin bitmədiyi bir dünyada heç nə yaxşı olmur…

Rusiya ilə Ukrayna arasında baş verən qanlı savaş da yaşadığımız son 30 ilin dəhşətlərini yenidən təkrarlayır.

Ukraynada gecəyarısı küçədən gələn səs-küy, çığırtı-bağırtı və vay-şivən nidaları ətrafa yayılaraq insanları yuxusundan etdi, yatmayanların ürəyini səksəkə ilə doldurdu. İnsanlar nə biləydilər ki, həyatın sərt, dolanbac yolları hələ qabaqda imiş! Nə biləydilər ki, tale onları dəhşətli, amansız günlərlə üzləşdirəcək?!

Xarkovda yaşayan bir tanışıma zəng vurdum. Sığınacağa yerləşdiklərini və vəziyyətin son dərəcə gərgin olduğunu öyrənəndə təsəlli üçün bir kəlmə belə söz tapa bilmədim. Rus ordusu hücuma keçmişdi. Vahiməli hay-küy getdikcə güclənirdi. Tankların uğultulu, qulaqbatırıcı səsi hamıda təşviş yaradırdı. Heç kim nə baş verdiyini anlamırdı. Hadisədən xəbərsiz qalan insanlar evlərində top atəşinə tutulurdu. Aramsız davam edən vahiməyə atışma səsləri qarışanda körpələr diksinirdilər, ağlayırdılar. Yaranan mənzərədən hər kəs evini tərk etmişdi. Adamlar hara getdiyini bilmirdilər. Ölü və yaralıların arzuları ürəyində, saf eşqi yarıda qalmışdı. Heç nədən xəbəri olmayan körpələr süzgün-süzgün mənzərəni seyr edirdilər.

Aqil Yaşaroğlu

# 3514 dəfə oxunub

Müəllifin son yazıları

# # #