Müasir zəka testinin banisi - Alfred Binet intellekt səviyyəsini hansı metodla ölçürdü?

Müasir zəka testinin banisi -  Alfred Binet intellekt səviyyəsini hansı metodla ölçürdü?
18 oktyabr 2025
# 13:30

18 oktyabr məşhur fransız psixoloq Alfred Binetin anım günüdür.

Kulis.az bu münasibətlə xarici mediaya istinadən "Zəkaya yeni baxış: Alfred Binet və ilk müasir zəka testi" yazısını təqdim edir.

Alfred Binet müasir zəka testlərinin banisi hesab olunan fransız psixoloqdur. Onun zəkanı ölçmək sahəsində apardığı araşdırmalar psixologiya və təhsil dünyasında inqilabi dəyişikliklərə səbəb olub.

Ən çox tanınan işi isə, Teodor Simon ilə birlikdə hazırladığı "Binet-Simon zəka ölçüsü" adlı testdir. Bu test, uşaqlarda zəka səviyyəsinin təyin edilməsi və onların fərdi təhsil ehtiyaclarının müəyyənləşdirilməsi üçün hazırlanmışdı.

Binet-Simon zəka testi nə idi?

1905-ci ildə yaradılan Binet-Simon zəka ölçüsü uşaqların zehni yaşını müəyyənləşdirmək üçün ilk müasir zəka testlərindən biri sayılır.

Fransız hökumətinin sifarişi ilə hazırlanan bu testin məqsədi, məktəb proqramını izləməkdə çətinlik çəkən, əqli inkişafında gerilik olan uşaqları erkən mərhələdə müəyyənləşdirmək və onlar üçün fərqli təhsil proqramları yaratmaq idi.

Binet zəkanın doğuşdan dəyişməz olmadığını düşünürdü. O hesab edirdi ki, zəka inkişaf etdirilə bilər və təlim prosesi ilə gücləndirilə bilər. Bu yanaşma, fərdi xüsusiyyətlərə uyğun təhsil sisteminin qurulmasına böyük təsir göstərib.

Testin quruluşu və məzmunu

Binet-Simon testi müxtəlif yaş qruplarına uyğun olaraq hazırlanmış bir sıra zehni və praktiki tapşırıqlardan ibarət idi. Testdə yer alan əsas sahələr bunlar idi:

Yaddaş: Qısa müddətli yaddaşı yoxlayan tapşırıqlar

Diqqət: Diqqəti toplama və davam etdirmə bacarığını ölçən testlər

Məntiq və düşünmə: Uşağın problem həll etmə və abstrakt düşünmə qabiliyyətini dəyərləndirən suallar

Dil bacarıqları: Söz ehtiyatı və ifadə qabiliyyətinə yönəlmiş tapşırıqlar

Motor bacarıqlar: Kiçik əzələ hərəkətlərini qiymətləndirən fəaliyyətlər

Hər bir yaş qrupu üçün uyğun səviyyədə suallar hazırlanırdı və uşağın cavablarına əsaslanaraq zehni yaşı hesablanırdı.

Bu nəticə uşağın xronoloji yaşı ilə müqayisə edilərək, onun zəka səviyyəsi haqqında fikir yürüdülürdü.

Binetin irsi və təsiri

Alfred Binetiin zəka ölçüsü sahəsindəki işi zamanla daha da inkişaf etdirildi. ABŞ-da, Stanford Universitetində Levis Terman tərəfindən bu test yenidən işlənərək "Stanford-Binet zəka ölçüsü" adını aldı.

Bu gün də bu test dünyanın bir çox ölkəsində istifadə olunan ən geniş yayılmış zəka testlərindən biridir.

Binetin psixologiyaya töhfələri çoxşaxəlidir:

Zəka testlərinin banisi olaraq, təhsildə fərdi yanaşmanın əsasını qoydu.

Zəka anlayışına çevik və inkişafyönlü yanaşması, sonrakı psixoloji yanaşmalara ilham verdi.

Psixoloji testlərin təhsil sahəsində istifadəsi ilə, fərqli qabiliyyətlərə malik uşaqlara uyğun təhsil imkanları yaradılmasına yol açdı.

Alfred Binetin yaratdığı zəka testləri, yalnız bir ölçmə aləti deyil, həm də təhsildə bireyselleşmiş yanaşmanın qapısını açan bir vasitə oldu.

Onun fikirləri bu gün də psixologiya və təhsil sahəsində aktuallığını qoruyur.

# 214 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər