Azərbaycanın tanınmış teatr və kino aktrisası Zümrüd Qasımova əməliyyat etdirib.
Kulis.az xəbər verir ki, Milli Onkologiya Mərkəzində əməliyyat etdirən aktrisa xərçəng olmadığını deyib:
"Mən sizə düzgün informasiya vermək istəyirəm. Çünki hamı başqa cür yazır. Qeyd edirlər ki, mən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Amma bu elə deyil. On bir il əvvəl məndə bu xəstəlik olub, keçib. Sadəcə ondan sonra iki əməliyyat keçirmişəm. Biri 2015-ci ildə, sonuncu əməliyyatı da indi keçirdim. Bu əməliyyat mənim həyatım üçün çox vacib idi".
Zümrüd Qasımova onu da bildirib ki, keçirdiyi sonuncu əməliyyat profilaktikdir:
"Bu əməliyyat gələcəkdə, məndə bu xəstəliyin bir daha yaranmaması üçün qabaqcadan alınmış tədbir idi. Mənim əməliyyatım həkimim Şəmistan Alıyev tərəfindən Milli Onkologiya Mərkəzində aparıldığına görə hər kəs elə başa düşdü ki, məndə onkoloji problemdir. Ancaq çox şükür ki, məndə o problem deyil. Sadəcə olaraq həyatımı qarantiyaya almaq üçün bəzi şeyləri etməliydim. İndi özümü yaxşı hiss edirəm".
Aktrisa onun səhhəti ilə bağlı narahatlıq keçirən şəxslərə Kulis vasitəsilə təşəkkürünü bildirib.