Xocalı qurbanlarının xatirəsinə həsr olunan musiqi layihəsi təqdim olunub.
Bu barədə Kulis.az-a açıqlama verən Əməkdar artist Nərgiz Əliyeva layihənin musiqi ilə rəsmin vəhdətindən ibarət olduğunu qeyd edib:
“Xocalı soyqrımı Müstəqillik tariximizin qanla yazılan bir səhifəsidir. 29 il keçməsinə baxmayaraq əminəm ki, genosidin baş verdiyi coğrafiyada hələ də o gecənin məsum qurbanlarının sərgərdan ruhları öz nakam talelərinin səbəbini sorğulayır. Hər il Xocalı soyqrımı ilə bağlı həm ölkəmizdə, həm də bütün dünyada tədbirlər keçirilir. Biz də özümüzə mənəvi borc bilib növbəti dəfə musiqinin dili ilə bu kədərli faciəni bütün dünyaya çatdırırq. Görkəmli bəstəkarların musiqi əsərləri və rəssamlarımızın sənət əsərlərinin vəhdəti ilə deyirik ki, Xocalı faciəsini unutmayacağıq!”
Qeyd edək ki, layihənin ideyası Əməkdar artist Nərgiz Əliyeva və violin ifaçısı Rövşən Əmrahova aiddir.
Layihədə Səbinə Bəylərbəyovanın ifasında Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” əsəri, Əməkdar artist Ilahə Əfəndiyevanın ifasında “Aygün” bədii filmindən “Lay-lay” mahnısı, Əməkdar artist Nərgiz Əliyevanın ifasında Abuzər Manaflının “Xocalıya” əsəri, Əməkdar artist Afaq Abbasovanın ifasında Vasif Adıgözəlovun “Çanaqqala 1915”oratoriyasından “Lay-lay”, əsəri, Arslan Növrəslinin ifasında Azər Rzayevin “Düşüncə” əsəri, Natəvan Həsənova və Sevda Cəbrayılovanın ifasında Novruz Aydəmirlinin “Ballada” əsəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineuxs”ansamblının ifasında C.Perqolezi – “Stabat Mater” – “Cuando corpus”, “Amen” əsərləri, Əməkdar artist İlham Nəzərovun ifasında , T.Albinoni – “Adajio” əsəri, Rövşən Əmrahovun ifasında Şassonun “Bax Matfeyin İztirabları” əsərləri səsləndirilib.
Tanınmış aktyor Bəhruz Vaqifoğlunun da iştirak etdiyi layihədə gənc rəssamlar Nuray Allahverdiyevanın, Günel Ravilovanın və İntiqam Ağayevin rəsm əsərlərindən istifadə olunub. Layihənin fotoqrafı Kamran Bağırovdur.