Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı ilə bağlı məqaləsi

Mirzə İbrahimov

Mirzə İbrahimov

27 yanvar 2023
# 18:00

Kulis.az "Gələcək gün" romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və "Kommunist" qəzetində dərc olunmuş məqaləsini təqdim edir. (İxtisarla)

Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: "Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?". O:

- Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? - deyə cavab verir.

Bu qəhrəmanı, həyatı tərənnüm edən mübarizə və yaşamaqda məna tapan böyük şair xəyalı yaratmışdır. Lakin belə mərd və məğrur qəhrəmanlar yalnız şair xəyalının məhsulu olsaydı, xalqlar tarixi çox kasıb və yeknəsəq olardı. Azadlıq döyüşləri və inqilabi mübarizələr hər xalqın tarixində yüzlərlə belə qəhrəman yetişdirdiyi üçün romantik bir gözəlliyə malikdir. Azərbaycan xalqının 1945-1946-cı illərdə İran istibdadı və əsarəti əleyhinə apardığı şərəfli azadlıq mübarizəsinin qızıl səhifələrində də Nizami əfsanələrinin qüdrət və gözəlliyini saxlayan yüzlərlə bu cür qəhrəmanın şəkli çəkilmişdir... Budur, o şəkillərdən birisi, tamaşa edin...

Amerikan-ingilis tankları və təyyarələri ilə Cənubi Azərbaycana soxulmuş, onun şəhər və kəndlərini xarabazara çevirən İran işğalçı orduları Təbrizi qana boyamışdılar. Qəhrəman demokratlar amansızcasına təqib olunurdular. Onları günün günortaçağı sorğusuz-sualsız güllələyir, arvad və uşaqlarını diri-diri quyulara atır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Mürtəcelər canlı insan bədənindən məşəllər düzəldir və demokratların evlərini talan edib yandırırdılar. Təbriz məhbəsləri ağzına qədər adamla dolu idi.

Məhbəslər və dar ağacları - İran ordusu və zabitlərinin Təbrizə gətirdiyi hədiyyə idi. Sübh açılarkən bu məhbəslərdən çıxarılanlar dar ağaclarında öz şərəfli və namuslu həyatlarını başa vururdular... Belə bir zamanda, məhbuslardan birisinə səhər tezdən asılacağını bildirmişdilər. Bütün gecəni ölüm hökmü altında yaşayan və yoldaşlarına insanın xalq qarşısındakı borcundan, mübarizə və həyatın şirinliyindən danışan məhbus sübh açılarkən durub səliqə ilə üzünü qırxmış, təmiz köynək geyib təzə qalstuk bağlamışdır. Təəccüblə:

- Bu nə üçün? - deyən yoldaşına o, belə cavab vermişdir:

- Biz təmiz və aydın bir həyatla yaşadıq, nə üçün dar ağacı altına əzgin və çirkli gedək?!.

Bu qəhrəmanın adı Firudin İbrahimidir. O, Azərbaycan demokrat partiyasının üzvü, milli dövlətin prokuroru idi. Onu şəxsən tanıyanlar bilir ki, Firudin ancaq bu cür hərəkət edə bilərdi.

İnsanların əksəriyyəti mütərəqqi ictimai əqidə və tarixi həqiqətlərə böyük təcrübə, müşahidə və mübarizə nəticəsində, səhv və büdrəmələri olan bir yol keçdikdən sonra gəlib çıxırlar. Elə insanlar da olur ki, onlar bu həqiqəti birdən-birə qavramasalar da, yalana da uymurlar, ağır səhvlərə yol vermədən mütərəqqi ictimai idealı dərk edirlər. Belələri əksərən xalqın içindən çıxmış, xalq həyatı ilə yaşayan və yüksək təbiətli adamlar olur. Onlar bir dəfə könül verdikləri idealdan nəinki bir daha dönməz, hətta soyumaq, süstləşmək nə olduğunu bilmədən getdikcə daha qızğın bir ehtirasla həyatlarını ona həsr edərlər. Firudin İbrahimi belə adamlardan idi. O, Azərbaycanın milli azadlıq və İranın demokratik inkişaf idealına qəti iman gətirənlərdən idi.

Firudin 1918-ci ildə Astarada doğulmuşdu. Yeddiillik məktəbi orada qurtarmış, sonra Tehran darülfünununun Hüquq fakültəsində ali təhsil almışdı. Həyatı əvvəldən xalq ilə bağlı olmuşdu. Hələ uşaq ikən, atası mütərəqqi görüşləri üçün müstəbid Rza xan tərəfindən Azərbaycandan sürgün edilmişdi.

1945-ci ilin axırları, Cənubi Azərbaycanda demokratik dövlətin yaranmasının ilk günləri idi. Hələ Zəncanda satqın mülkədar Zülfiqarinin quldurları, Urmiyada sərhəng Zəngənənin hərbi hissəsi demokratik xalq hakimiyyətinə tabe olmaq istəməyib qanlı terror düzəltmişdi. Müstəbid və mürtəce İran dövlətinin qoşunları Azərbaycana girmək üçün Qəzvinin qapısında - Kirəcdə dayanmışdı. Belə bir zamanda Firudin İbrahimi Pişəvəri tərəfindən yenicə prokuror təyin edilmişdi. Pişəvərinin və milli dövlətin prokuror seçərkən Firudinin namizədliyini irəli çəkməyinin də xüsusi mənası vardı: məlum olduğu üzrə məhkəmə İran hakim dairələrinin qanlı əməllərini pərdələyən və soyğunçuluq üçün istifadə etdiyi mühüm vasitələrdən birisidir. Buradakı püşvətxorluq, satqınlıq, böhtan və ədalətsizliyin təsviri qeyri-mümkündür. Buna görə də milli demokratik dövlət ancaq xalqa məhəbbəti, təmiz vicdanı və namusu ilə tanınmış bir adama prokurorluğu etibar edə bilərdi. Belə bir zamanda Firudin İbrahimi işə başlamışdı. O, bir yandan köhnə, pozğun əxlaqlı prokuror işçilərini yeni, xalq üçün yaşayan məsləkli və vicdanlı adamlarla əvəz edir, o biri yandan xalqın qəddar düşmənləri, xarici imperialistlərin satqın nökərləri olan mürtəcelərlə amansız mübarizə aparırdı.

Onun ilk atəşin çıxışı Azərbaycan xalqının cəlladı, silahsız Urmiya demokrat-kəndlilərini tankların altında əzmiş sərhəng Zəngənənin mühakiməsində olmuşdu. Firudin aydın və kəskin dəlillərlə Zəngənənin cinayətlərini sübut edərək ona ölüm cəzası tələb etmişdi. Sabahısı liberal təbiətli və hər işdə "mötədil siyasət" tərəfdarı olan bir ağa "xeyirxahlıqla" Firudinə müraciət edərək:

- Oğlan, sən hələ çox cavansın, - demişdi, - dünya görməmisən, mənim sözlərimə qulaq as, bilməyə-bilməyə ki, bu işlərin axırı hara gedib müncər olacaq, niyə belə tünd başlamısan. Niyə özünə düşmən qazanırsan. Bir fürsətdir keçib əlinə, olmusan müddənlümumi, istifadə elə, özünə dost qazan. Demirəm Zəngənəni təmizə çıxart, yox, amma ölüm də tələb eləmə...

Bu sözlərdən Firudinin siması ona xas olan qəribə bir uşaq təbəssümü ilə işıqlandı:

- Deməli, xalqın mənə etibar etdiyi vəzifədən bir sərmayə kimi istifadə edim? Yox! Mən bunu bacarmayacağam. Bizim hərəkat Azərbaycan tarixinin parlaq və müqəddəs bir səhifəsini təşkil edir. Bu hərəkat köhnə quruluşu dağıtdığı kimi köhnə əxlaqı da dağıdır. Biz xalq işindən şəxsi xeyrinə istifadə edən fasid və əxlaqsız adamların yolunu tuta bilmərik. Belə etsək gələcək nəsillər bizə lənət oxuyar. Biz dostla da, düşmənlə də "müdara etməyə" çalışan, pisə də yaxşı kimi boyun əyən bazar əhlinin əxlaqı ilə də yaşaya bilmərik. Biz əsri siyasət və idealı meydana çıxmış bir firqənin övladıyıq. Bu firqənin bayrağında "xalq və azadlıq" sözləri yazılmışdır. Bu iki söz bizim bütün məramımızdır. Ona zidd olan hər kəs bizim düşmənimizdir və ölümə layiqdir.

Firudinə "nəsihət" vermək istəyən ağanı bu sözlər qane etmədi, hətta onlardakı məna və məntiq, deyəsən, ona qətiyyən anlaşılmaz göründü:

- Oğul, məram məramlığında, adama yaşamaq da lazımdır. Adam gərək bir sabahkı gününü də düşünsün, birdən olmadı belə, oldu elə, Pişəvəri getdi, Tehran gəldi, Zəngənəni, ya qeyri bir Zəngənəni də gətirdi qoydu Təbrizə vali. İndi elə tərpən ki, onda özünü dar ağacına çəkməsinlər. Mən bunu deyirəm. Yəni deyirəm ki, adam öz-özünə ölüm hökmü çıxarmasa yaxşıdır.

Firudin çox ciddi bir hal aldı:

- Siz güman etməyin ki, mən elə bir günün mümkün olacağını düşünməmişəm. Yox, mən onu sizdən qabaq düşünmüşəm, çünki mən Tehranın satqın dairələrini də, onların ağalarının siyasətini də sizdən yaxşı bilirəm. Lakin elə o günü düşündüyüm üçün də mən Zəngənələrə ölüm hökmü tələb etmişəm. Çünki biz xalqın taleyi ilə ehtikar edən alış-verişçilər deyilik, onun azadlığı yolunda mübarizəyə qalxmış sərbazlarıq. Ölüm bizi qorxutmur.

Bir müddət sonra başqa bir canilər dəstəsi Təbriz xalq məhkəməsinin qarşısında durmuşdu: bu dəstəyə təbrizlilər arasında məşhur olan qarnı yırtıq Kazım başçılıq edirdi. Bu adam sinfi mənsubiyyətini itirmiş, yol kəsən, cibə girən, ev yaran, qatil bir şəxs idi. Onun dəstəsi, gecə adamların qabağını kəsib başından papağını, əynindən paltarını çıxarır, həyansız evlərə soxularaq cavan qız və gəlinləri zorlayırdılar. Tehran mürtəceləri və Seyid Ziyanın tapşırığı ilə qarnı yırtıq Kazımın, faşist tipli dəstəsi siyasi terror və sui-qəsdlər təşkil edirdi. Bu dəstənin mühakiməsində də Firudin atəşin çıxış edərək siyasi qatillər, əhalinin əmin-amanlığını pozanlar, ictimai müaşirət qanunlarını və əxlaqını saymayanlarla amansız olmağı tələb etmişdi.

Təbrizin qarnı yırtıq Kazımlardan təmizlənməsi ilə şəhərdə müstəsna bir asayıiş və qayda bərpa edilmişdi. Firudin İbrahimi bütün məhkəmə və prokuror işçilərindən yüksək axlaq və məslək sahibi olmağı tələb edir, onları inqilabi qanunların gözətçisi sayırdı.

Az bir müddətdə Firudin Azərbaycan məhkəmə və prokuror işçilərini əsasən doğrudan da, xalq işinə sadiq və namuslu şəxslərdən seçə bilmişdi.

Firudin açıq fikirli, qabağı görən, Azərbaycan, fars və fransız dillərini mükəmməl bilən bir dövlət xadimi idi. Onun geniş məlumatı vardı. Tarix, fəlsəfə və ədəbiyyat elmlərinə dərindən bələd idi. O, ağıllı yazıları və məruzələri ilə xalqın məhəbbətini qazanmışdı. Azərbaycan xalqının qədim babaları olan midiyalıların həyat və mübarizəsinə dair "Azərbaycanın qədim tarixindən" adlı kitabı qiymətli tarixi bir əsərdir. Bu əsərində Firudin qədim Midiya dövlətinin bugünkü Azərbaycan (şimali və cənubi) torpaqlarında əmələ gəldiyini göstərir, Azərbaycan xalqının midiyalıların həqiqi varisi olduğunu, midiyalıların İran müstəbidlərinə qarşı apardığı şərəfli mübarizələri tarixi və məntiqi dəlillərlə sübut edir. Kitabda adıçəkilən və sitatlar gətirilən qədim və müasir ədəbiyyat müəllifin geniş məlumat sahibi olduğunu göstərir.

Firudin İbrahimi son dərəcə təvazökar, xoşrəftar, mədəni bir insan və yaxşı yoldaş idi. Düzlük və sədaqət onun xasiyyətinin əsas cəhətləri idi. Firudin Azərbaycan xalqının azadlıq mübarizəsinə son nəfəsinə qədər sadiq qaldı. O, gənc və saf həyatını xalqımızın qəddar düşmənləri olan İran mürtəceləri əleyhinə, vətənin azadlığı və səadəti yolunda mübarizədə qurban verdi. Azərbaycan xalqını böyük övlad məhəbbəti ilə sevən Firudin İranda yaşayan başqa xalqlara da azad və xoşbəxt həyat arzu edirdi. O deyirdi:

- İnsanlar arasında ümumən ədavət toxumu səpmək çirkin işdirsə, xalqlar arasında ədavət törətmək yüz qat çirkin və murdar işdir.

Onun ruhi mətanət və böyüklüyü, imperialistlərə qarşı nifrəti məhbəsdə olarkən parlaq bir şəkildə özünü göstərdi. İngilis və Tehran müxbirinin zindanda Firudinlə olan görüşü bu cəhətdən çox maraqlıdır. Müxbirlərə verdiyi cavablar göstərir ki, Firudin məhbəsdə də ruhdan düşməmiş, öz səliqə və təmizliyindən əl çəkməmişdi. Kameranın son dərəcə soyuq olduğunu qeyd edən müxbirlər, gözəl bir oğlanın çiyninə qiymətli bir şal salaraq sobanın yanında durduğunu yazırlar. Firudin müxbirin:

- Siz prokuror olarkən nə iş gördünüz? - sualına

- Biz əsassız olaraq zindanlarda cürüyən adamların işinə baxıb azad etdik. Xalqı fəsad və oğru hakimlərin əlindən qurtardıq - deyir.

- Bəs hanı o xalq, nə üçün sizi öldürmək istəyirlər?..

- Bizi öldürmək istəyən imperialistlərin əmri ilə hərəkət edən Tehran mürtəcelərinin bıçaqçı dəstələridir. Xalq isə zəhmətkeş fəhlə və kəndlilər, qulluqçu və ziyalılardır ki, onların da hazırda dili və əli bağlanmışdır. Lakin onların bütün zəncirləri qıracağına əmin ola bilərsiniz...

Firudin Azərbaycanda demokratik hərəkat başlananda da, xalq hakimiyyəti yarananda da, Tehran irticası müvəqqəti qalib gəlib dar ağacları quranda da bu əqidə ilə yaşadı. O, ölümlə üz-üzə gəldikdə belə bu ümidini itirmədi. O, Azərbaycan demokrat firqəsi Mərkəzi Komitəsinin binasını canilərdən qoruyaraq atışdığı zaman bu əqidə ilə yaşayırdı.

Tehran mürtəceləri xalqın qəzəbindən qorxaraq Firudini səhər saat beşdə Təbrizin Səttarxan xiyabanının başlanğıcında Gülüstan bağının ağzında edam etdilər. Buna baxmayaraq qocaman Təbriz öz sadiq oğlu ilə ləyaqətlə vidalaşdı. Onun məğrur halda dar ağacına getdiyini görənlər ayaq saxlayır, uşaqlar və qocalar böyük bir kədər içində dayanıb başını aşağı dikir, başı çadralı qadınlar uşağını qucağına basaraq: "Ah, Firudin!" - deyə göz yaşı tökürdü. Çünki nəcib ürəkli Firudini xalq böyük bir məhəbbətlə sevirdi. Tehran mürtəceləri öz xarici ağalarının əmri ilə Azərbaycanın bu mərd və namuslu oğlunu Təbrizdə dar ağacından asdılar. Onların amansızcasına qətl etdiyi minlərlə qəhrəman kimi Firudinin də adı və xatirəsi xalqın qəlbində əbədi olaraq yaşayır və qocalardan körpələrə qədər hamını "intiqam, intiqam!" deyə mübarizəyə çağırır.

"Kommunist" qəzeti

4 iyun 1949, №108, səhifə 3.

# 4595 dəfə oxunub

Müəllifin son yazıları

# # #