Mircəfər Bağırova boyun əymədi, qardaşı tikə-tikə doğrandı, düşmənlərin əlinə keçməsin deyə zəhər içdi

Mircəfər Bağırova boyun əymədi, qardaşı tikə-tikə doğrandı, düşmənlərin əlinə keçməsin deyə zəhər içdi
24 avqust 2022
# 12:20

Kulis.az xalq qəhrəmanı Qaçaq Şahmalı haqqında maraqlı faktları təqdim edir.

Şahmalı 1875-ci ildə dünyaya gəlib. Atası Allahverdi sadə əməkçi olub. Şahmalının 7 yaşı olanda qardaşı Cabbarı Qriqoryan adlı erməni bir ata görə tikə-tikə doğrayır. Qardaşının bu məşum taleyi və amansız ölümü Şahmalını heç vaxt rahat buraxmır.

***

Deyilənə görə o, 18 yaşına çatanda Qriqoryanı və 8 nəfər işçini güllələyərək qardaşının qisasını alır. Özü isə Qriqoryanın atını minib hadisə yerindən uzaqlaşır. Elə həmin gündən Şahmalının qaçaqlıq həyatı başlayır.

Daşkəsən, Gədəbəy, Göyçə, Samux, Gəncə və digər ərazilərdə qaçaqlıq həyatı sürən Şahmalı bu bölgələrin adamlarına qarşı həmişə diqqət göstərir, kasıbın tərəfini saxlayır, onlara əl tutur.

Tərtər, Ağdərə, Ağdam rayonlarının bir sıra kəndlərində onun böyük torpaq mülkləri olub. Ağdərə rayonunun ərazisində yerləşən “Şahmalılar” adlı yurd yeri və “Şahmalı bulağı” indi də xalq arasında məşhurdur.

***

Şahmalı Asya adlı xanımla ailə qurub. Bu evlilikdən onun iki övladı dünyaya gəlir. Qızı Brilyant xanım və oğlu Əli bəy.

***

Şahmalının erməniləri görən gözü yox idi. Əlinə keçən erməni vəzifəlilərini qanına qəltan edər, heç vaxt ermənilərlə barışığa getmirmiş. Şahmalı sovet hökumətinə xidmət etməkdən imtina edib.

***

Dəfələrlə Azərbaycan dövləti, Ermənistan hökuməti tərəfindən ona sülh təklifləri edilsə də, Şahmalı bu təkliflərdən imtina edir. Qaçaq Şahmalıya edilən sülh təkliflərindən ən maraqlısı və yaddaqalanı o zaman Azərbaycan MK-nin birinci katibi Mircəfər Bağırov tərəfindən edilib. Bağırov Gəncəyə gedərək Şahmalını görüşə çağırır. Şahmalı tərəddüd etmədən görüşə gəlir. Mircəfər ona “Şahmalı, mənə Moskvadan göstəriş veriblər ki, sənə baraət verib vəzifə ilə təmin edim. Çünki sən çara qarşı vuruşmuş qaçaqlar siyahısındasan. Ona görə MK bu qərarı verib. İndi Azərbaycanın hansı rayonunu istəyirsənsə səni ora icrakom təyin edim” deyir və Moskvadan yazılmış məktubu onun özünə oxuyur. Qaçaq Şahmalı Mircəfərin ona etimad göstərdiyinə görə təşəkkürünü bildirir. Ancaq təklifi bir şərtlə qəbul edəcəyini deyir:

Sağdan: (əyləşənlər) Qaçaq Şahmalının kürəkəni Əli, qızı Brilyant, gəlini Xədicə, (ayaq üstə) oğlu Əli, oğlunun qaynı Şərif

“Mircəfər, mənim qaçaqlığa başlamağımın əsas səbəbi dədə-baba torpaqlarımızın ermənilərə verilməsidir. Şübhən olmasın, Göyçə bizim əzəldən yurdumuz olub. Əgər məni oraya icrakom təyin etsən, səninlə razılaşaram. Ondan başqa heç bir təklifə razı deyiləm”.

Bağırov başlayır Şahmalını dilə tutmağa ki, bəs ora Ermənistan ərazisidir. Ona görə Göyçəyə Şahmalını icrakom təyin edə bilməz. Şahmalı isə cavabında “əgər sən bir hökumət kimi məni öz dədə-baba torpağımda işlə təmin edə bilmirsənsə, onda sənə biət etməyimi Allah-Təala mənə bağışlamaz. Mən sözümü dedim, seyid, mən mübarizəmi yumşaq stola dəyişə bilmərəm. Görüşə gəldiyin üçün sağ ol” deyir və çevrilib gedir.

***

Şahmalı dəfələrlə dövlət adamları ilə, partizanlarla qarşı-qarşıya gəlib vuruşmuş, həmişə də qalib gəlmişdir. Onun axırıncı döyüşü Haçaqayada olur. Burada o, erməniləri pərən-pərən salıb qələbə qazanır.

***

1935-ci ildə, gecənin birində öz evində olarkən Şahmalının üzərinə böyük dəstə göndərilir. Şiddətli döyüş nəticəsində Qaçaq Şahmalı ölümcül yaralanır. Düşmənlərin əlinə sağ keçməsin deyə gizli saxladığı zəhəri içərək şüşəni odun üstünə atır, özü isə dünyasını dəyişir.

***

Bolşeviklər tərəfindən onun meyiti aparılsa da, Asya xanımın əmisi oğlanları Əmir bəyin və Mirzə bəyin köməkliyi ilə Şahmalının nəşi gizlincə gətirilib Şotlanlı qəbiristanlığında dəfn olunur.

Bundan sonra ailənin şəxsi əmlakı Sovet hökuməti tərəfindən müsadirə olunur, ailə üzvləri amansız təzyiqlərə məruz qalırlar.

Qaçaq Şahmalı ölümündən əvvəl qızı Brilyantın baldızı oğlu Əli ilə ailə qurmasını məsləhət bilir. Sonralar onlar ailə qururlar və yeganə övladları Elxan dünyaya gəlir. Brilyant xanım ömrünün sonunadək Hacıqərvənd kəndində yaşayır.

***

1934-cü ildə Azərbaycanda hakimiyyətə gələn Mircəfər Bağırov Qaçaq Şahmalının böyük nüfuz sahibi olduğunu nəzərə alaraq onun ailəsini sürgün etdirmir və oğlu Əlinin təhsilini bitirməsinə mane olmur. Ağdamdakı ikiillik məktəbi bitirən Əli sonradan hüquqşünas ixtisasına yiyələnir, Gürcüstanın Qarayazı mahalında prokuror işləyir. İkinci dünya müharibəsində ona “bron” verilsə də, anonim yazılan məktubların nəticəsində Əlini 1944-cü ildə müharibəyə aparırlar. Sonrakı taleyi haqqında bu günə kimi heç bir məlumat yoxdur.

Əli Şahmalı oğlu çox zəngin biliyə malik olan bir şəxs olub. Bir neçə dil bilib. Öz nəslinin həyatı haqqında bildiklərini və gördüklərini kitab halına salaraq ona “Qartallar yuvası” adı verib. Həmin əlyazmanı çap edilməsinə kömək məqsədilə Cəfər Cabbarlıya göndərib. Cabbarlı onunla görüşməyə söz verir. Lakin iki aydan sonra dramaturq dünyasını dəyişir. Əlyazmanın sonrakı taleyi məlum olmur.

# 18100 dəfə oxunub

Müəllifin son yazıları

# # #