Rejissor Kristofer Nolan "60 dəqiqə" proqramındakı müsahibəsində hələ də smartfondan istifadə etmədiyini və elektron poçt ünvanının olmadığını etiraf edib.
Kulis.az xəbər verir ki, rejissor rəqəmsal dünyadan uzaq durmağın getdikcə çətinləşdiyini bildirib.
"Özümlə sadəcə qatlanan telefon gəzdirirəm"
Nolan bildirib ki, o, çoxlu məktub alır, lakin bu, bir ünsiyyət vasitəsi kimi heç vaxt onu cəlb etməyib. O həmçinin qeyd edib ki, smartfonsuz yaşamaq artıq əvvəlki kimi asan deyil:
"QR kodların qayıdışı həyatı çox çətinləşdirdi. Səfərlərdə özümlə yalnız qatlanan sadə telefon gəzdirirəm", - deyə o bildirib.
Dünyanı qəsdən özündən "uzaq tutub-tutmadığı" ilə bağlı suala isə rejissor belə fəlsəfi cavab verib:
"Mən sadəcə hamımızın vaxtilə yaşadığı kimi yaşayıram. "Rəqəmsal qandal" taxmadığım üçün çox şanslıyam, amma həyat belədir".
Ən irimiqyaslı layihəsi: "Odisseya" gəlir
Həmin verilişdə Nolan onu da qeyd edib ki, yunan mifologiyası qəhrəmanı Odisseyin Troya müharibəsindən sonra evə qayıtmasından bəhs edən yeni "Odisseya" filmi üzərində işlər gedir. Rejissorun sözlərinə görə, bu layihə onun karyerasındakı ən böyük ekran işi olacaq. Filmin premyerasının isə 17 iyul 2026-cı ildə baş tutacağı planlaşdırılır.
Xatırladaq ki, Kristofer Nolanın indiyədək çəkdiyi on film dünya üzrə ümumilikdə 6,7 milyard dollardan çox gəlir əldə edib. Onun filmləri 28 dəfə "Oskar" mükafatına namizəd göstərilib və 8 dəfə bu nüfuzlu heykəlciyi qazanıb.