"Üzüklərin hökmdarı" film seriyasının rejissoru Piter Cekson 12 illik fasilədən sonra yenidən ekranlara qayıdacaq.
Kulis.az xəbər verir ki, bu haqda “Oskar” mükafatlı rejissor əyləncə plartformalarından birində danışıb.
O, növbəti layihənin "Tentenin macəraları" ("The Adventures of Tintin") filminin davamı olacağını açıqlayıb və 2011-ci ildə Stiven Spilberqin rejissorluq etdiyi ilk filmin davamı üçün yazıçı Fren Uolş ilə birlikdə ssenari üzərində işlədiklərini bildirib.
İkinci filmdə Spilberq prodüser, Cekson isə rejissor kimi yer alacaq.
Qeyd edək ki, 2014-cü ildən bəri bədii film çəkməyən rejissor bu qədər uzun fasilə verməsinin səbəbini uzun illərdir çalışdığı operatoru Endryu Lesninin vəfatı ilə əlaqələndirmişdi.