Məmmədrza Şeyxzamanovun anım günüdür

Məmmədrza Şeyxzamanovun anım günüdür
25 yanvar 2024
# 13:00

Bu gün Azərbaycanın Xalq artisti Məmmədrza Şeyxzamanovun anım günüdür.

Kulis.az-ın məlumatına görə, o, 1915-ci ildə Gəncədə doğulub.

Azərbaycanda Sovet hakimiyyəti qurulanda yeni hökumət digər varlı adamlar kimi onların da mal-dövlətini əllərindən aldı. Anası bir böyük otaq qarşılığında yaşadıqları mülkün yerində fabrik açılmasına icazə verdi.

Məmmədrza on iki yaşından işləməyə başlamışdı.

Hələ kiçik yaşlarından teatra olan həvəsi onu Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına gətirir.
Teatrın rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilən Məmmədrza Şeyxzamanov ilk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında Brahma adlı obrazı canlandırır.

***
Gəncənin hörmətli ailələrindən birinin qızı olan Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Amma qarşılarında böyük maneələr var idi. Nigar xanımın atası bəy nəslindən olduğu üçün bu izdivaca heç cür razı olmur. Qızını gənc aktyora ərə verməkdən imtina edir. Nəhayət, Məmmədrza Nigar xanıma elçi göndərmək fikrindən daşınır 1938-ci ildə onu qaçırır.
Bu izdivacdan onların üç qız övladı dünyaya gəlir.

***
Onun qardaşı Ələsgəri İtaliyaya, bacısı Həmidəni Türkiyəyə, özünü isə pantürkist kimi Qazaxıstanın Semipalatinsk bölgəsinə mühacirətə göndərirlər.

Təhlükəsizlik xidmətinin əməkdaşları Nigar xanıma ərindən boşanmağı məsləhət görürlər. Nigar xanım isə "ərim harda, mən də orda" - deyir; həyat yoldaşı ilə birgə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşamağa razılaşır.

***
14 il sürgün həyatı yaşayan Məmmədrzanın amnistiya kağızını ondan gizlədirlər. O, ailəsi ilə bərabər qaçaraq Gəncəyə gəlir. Ev yox, iş tapa bilmir... Bir gün Səməd Vurğunla görüşür. Əlbəttə, Səməd Vurğun, tamaşalarında Məmmədrzanın maraqlı obrazlar yaratdığını unutmamışdı və o aktyora kömək edir. Səməd Vurğunun sayəsində onun ikinci sürgün həyatına son qoyulur. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir. Onun artıq qırx yaşı vardı

***

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmindəki Rəcəbov obrazı ilə çıxıb.

Sürgündə olduğu illərdə əkiz oğlan və bir qız övladları dünyaya gəlir, amma körpələr tələf olur.

***
1959-cu ildə Tofiq Bağırov Məmmədrzanın adını qara siyahıdan çıxardır və o, Əməkdar artist adına layiq görülür. 1974-cü ildə Xalq artisti adını alır.
İxtiyar roluna görə isə ona ölümündən sonra dövlət mükafatı verilib.

***
Xalq artisti Rasim Balayev xatırlayır: "Şeyx Əzəmin qızı Şəmsi boğduğu kadrı çəkirdik. Məmmədrza Şeyxzamanov qızı boğa-boğa ağlamağa başladı. Əslində, heç o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, şeyxzamanovluqdan çıxmışdı. Onu sakitləşdirə bilmirdilər. Deyirdi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa salmağa çalışırdı ki, a kişi, bu roldur, səni heç kim qınamır”.

Gallery

Doqquz rəqəminin mistikası onu davamlı izləyib. Belə ki, Məmmədrza Şeyxzamanov 19 yaşında Gəncə Dövlət Dram Teatrına gəlir, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, 59 yaşında Xalq artisti adına layiq görülür və 69 yaşında həyatla vidalaşır.

***

Sənətkar 1984-cü il yanvarın 25-də vəfat edib.

Gallery

# 1197 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #