Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Kukla Teatrında növbəti xeyriyyə aksiyası
29 mart 2024
# 18:00

Beynəlxalq Teatr Günü ilə bağlı Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının sosial-mədəni layihələri çərçivəsində növbəti xeyriyyə aksiyası təşkil edilib.

Kulis.az xəbər verir ki, 200-ə yaxın əlilliyi olan uşaq və yeniyetmə əvvəlcə sənət ocağının son premyerası - “Dovşanın ad günü” tamaşasına baxıb. Ardınca balacalara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu tamaşa uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması əsasında ərsəyə gəlib.

Bədii nümunənin səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Əsər əsas ideyasını saxlamaqla maraqlı və rəngarəng tərtibat, dolğun musiqi həlli ilə təqdim edilib.

Anşlaqla keçən nümayiş balacalar tərəfindən maraqla qarşılanıb.

Sonra çıxış edən X.Əlibəylinin qızı, professor Gülər Abdullabəyli, UAFA (Azərbaycana Birgə Yardım) Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova çıxış edərək tədbir təşkilatçılarına və tamaşanın yaradıcı heyətinə təşəkkür etdilər. Belə layihələrin uşaq və yeniyetmələrdə, xüsusən həssas qruplardan olan azyaşlılarda uşaq ədəbiyyatı və teatrına maraq oyatdığını bildirdilər.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

# # #