Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Türkiyədə təşkil olunacaq IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında iştirak edəcək.
Kulis.az xəbər verir ki, aprelin 21-dən mayın 12-dək davam edəcək beynəlxalq sənət bayramı Türkiyənin iki böyük şəhərində – Ankarada (23–25 aprel) və İstanbulda (26–27 aprel) keçiriləcək.
Festival daha sonra Bakıda (28–30 aprel) və Özbəkistanda (2–4 may) davam edəcək. Bağlanış mərasimi isə mayın 9-dan 12-dək Şimali Kipr Türk Respublikasında baş tutacaq.
Azərbaycan Dövlət Kukla Teatrının 10 nəfərlik heyəti aprelin 21-dən 26-dək Türkiyədə səfərdə olacaq. Səfər çərçivəsində tamaşaçılara “Cırtdanın Türkiyə macəraları” adlı tamaşa-konsert təqdim olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Saida Haqverdiyeva, tərtibatçı rəssamı isə İqbal Əliyevdir.
Qeyd edək ki, obrazları tamaşada aparıcı kukla aktyorları – Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandıracaqlar.