Komitə sədri Xalq rəssamını təbrik etdi

Komitə sədri Xalq rəssamını təbrik etdi
25 dekabr 2023
# 10:11

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Rəssamlar Evində olub, rəssamların emalatxanalarını gəzərək onların yaradıcılıq şəraiti ilə maraqlanıb.

Kulis.az xəbər verir ki, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, professor Arif Hüseynov Komitə sədrini rəssamların emalatxanaları ilə tanış edərək ona ətraflı məlumat verib.

Fazil Mustafa Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Elşən Hacızadə, Adil Şıxəliyev, Natiq Fərəcullazadə, Azad Zeynalov və Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Nəriman Məmmədovun emalatxanalarında onların fəaliyyəti, qayğıları və yaradıcılıq uğurları ilə maraqlanıb.

Daha sonra, gələn ay 80 yaşı tamam olacaq Xalq rəssamı Sirus Mirzəzadənin atelyesinin açılışı olub.

Fazil Mustafa Xalq rəssamına Milli Məclisin Mədəniyyət komitəsi adından təbrik məktubu təqdim edib, ürək sözlərini bölüşüb.

Rəssamın atelyesinin açılışında Xalq rəssamı Fuad Salayev, Xalq yazıçısı Natiq Rəsulzadə, Bakı Qalereyasının direktoru Eldəniz Babayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri - Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Ülviyyə Ağayeva, Komitənin eksperti Əkbər Qoşalı, sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, gənc sənətşünas Ziyarət Cabarova və başqa qonaqlar iştirak ediblər.

Atelyedə Azərbaycan təsviri sənətinin problemlərinə aid geniş müzakirələr aparılıb.

Azərbaycan təsviri sənətinin gələcəyi ilə bağlı dəyərli fikirlər mübadiləsini təqdir edən Fazil Mustafa, Mədəniyyət komitəsinin qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu deyib.

Azərbaycan təsviri sənətinə aid belə görüşlərin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayılıb.

AZƏRTAC

# 722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #