Kəlbəcər yadıma düşdü, darıxdım - Bəhmən Vətənoğlu

Kəlbəcər yadıma düşdü, darıxdım - Bəhmən Vətənoğlu
10 yanvar 2024
# 15:30

Kulis.az Bəhmən Vətənoğlunun "Darıxdım" şeirini təqdim edir.

Axşam da qəribdi, mən də qəribəm,
Nələr ürəyimdən keçdi darıxdım.
Zalım ayrılığın kamil ovçusu,
Ox atdı sinəmi deşdi, darıxdım.

Nə kövrək saatdı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir əlçim bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.

Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmənsayağı!
Çox da müqəddəsdir Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.

# 764 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #