Bakıda Milli Kitab Satış Sərgisi keçirilir.
Kulis.az xəbər verir ki, 15-21 dekabr, saat 10:00-19:00 dək keçiriləcək YENİ İL KİTAB SƏRGİSİ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təşkil olunur.
Sərgi Dənizkənarı Bulvarda, Dəniz Mall AVM-nin yaxınlığında yerləşən Bakı İdman Sarayının əsas zalında keçiriləcək.
100 000 dən çox kitab, 70%dək endirimlər olacaq.
Sərginin rəsmi açılışı bu gün saat 15:00 da olacaqdır.
Giriş sərbəstdir.
Sərginin açılışında Azərbaycanın Xalq Yazıçıları və Şairləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, şou-biznes ulduzları, məşhur bloger və influencerləri iştirak edəcəklər. Sərgiyə Azərbaycanın yüzlərlə nəşriyyat və kitab mağazaları, həmçinin, rəssamlar, musiqiçilər, xalq sənətkarları, əl işi ustaları və s. qatılacaq. Kitablarla yanaşı, bu sərgidə oyun və oyuncaqların, məktəb ləvazimatı, fanatlar üçün özəl məhsulların (Harri Potter, K-POP və s.) da satışı nəzərdə tutulub.
Tədbir çərçivəsində Azərbaycan Kinosu üçün xüsusi zaman ayrılması nəzərdə tutulmuşdur – qısametrajlı filmlərin nümayişi, tanınmış gənc aktyor və rejissorlarla görüşlər və s.
Tədbirin baş tutacağı 6 gün ərzində konsert proqramları, uşaq oxu saatı, master klasslar, motivasiya yönümlü çıxışlar, yazarlar, sevilən aktyor və müğənnilər, stand-up artistlərinin iştirakı ilə maraqlı və əyləncəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Sərginin davam etdiyi müddətdə Şaxta Baba, Qar Qız və başqa animatorların, üzboyama sənətçilərinin, nağıl oxumaq üçün aktyor və qiraətçilərin iştirakı ilə uşaqların şən və maraqlı zaman keçirməsi üçün xüsusi yerin ayrılması planlaşdırılır. Beləcə, rahat alış-veriş etmək istəyən valideynlər öz uşaqlarını əminliklə xüsusi nəzarətçilərin olduğu, uşaq əyləncə zonasına verə biləcəklər. Hər gün qiymətli mükafatların iştirak etdiyi xüsusi viktorinalar keçiriləcək, lotoreyalar oynanılacaq.