İki yol arasında öz istiqamətini seçən adam

İki yol arasında öz istiqamətini seçən adam
19 dekabr 2023
# 15:20

Bu gün görkəmli bəstəkar Fərəc Qarayevin doğum günüdür.

Kulis.az Gülcahan Mirməmmədin "İki yol arasında öz istiqamətini seçən adam" yazısını təqdim edir.

Fərəc Qarayev. Az-çox savadı, müəyyən dünyagörüşü və nəhayət, Vətən incəsənəti haqqında babat səviyyəsi olan kəs adını çəkdiyimiz bəstəkarın yaradıcılığına bələd olmasa da, adını, soyadını yaxşı tanıyır...

Dünən görkəmli musiqiçi və pedaqoq, Azərbaycanın Xalq artisti, P.Çaykovski adına Moskva Konservatoriyasının professoru Fərəc Qarayevin doğum günüydü. 76 yaşın dizini yerə vurdu...

İllər öncə maestro Mstislav Rostropoviç uzun illərin ayrılığından sonra Bakıya ilk gəlişində kimsə Fərəc Qarayevi Qara Qarayevin oğlu kimi təqdim edəndə tanınmış bəstəkar onunla yanaşı əyləşənlərə (onların arasında bu sətirlərin müəllifi də vardı) tərəf dönərək üzündə çoxmənalı təbəssümlə dedi: “Mən artıq Aliyə Qarayevanın babasıyam, amma yenə də məni Qara Qarayevin oğlu kimi təqdim edirlər”.

İlk dəfə məhz həmin olayla başlayan şəxsi tanışlığımız mənə bir məqamı anlatdı: biz, yaşımızdan asılı olmayaraq, həmişə nəslimizin davamçısı, soyadımızın daşıyıcısıyıq və hansı sahədə çalışmağımıza baxmayaraq, gördüyümüz işə məsuliyyətimiz böyük olmalıdır. Eynilə Azərbaycan bəstəkarlıq məktəbini dünyada tanıdan isimlərdən biri olan Fərəc Qarayev kimi!

Belə baxanda Fərəc Qarayevin bütün ömrü iki yol arasında öz istiqamətini seçməyə həsr olunub. Moskva ilə Bakı arasında yaşayır. Musiqidə öz şəxsi seçimi ilə atası Qara Qarayevin azalmayacaq nüfuzu arasında öz izini salıb. Öyrətmək, tərbiyə etmək baxımından həyat bilgisini övladları ilə tələbələri arasında bölür. Ən əsası, musiqidə Qərb ənənələri ilə Şərq postulatları arasındakı incə uyarlığı tapıb. Onun uzunömürlü yaradıcılığının sirri də yəqin ki, məhz bu sayaq iki yol arasında öz istiqamətini tapması, yaradıcı insan və şəxsiyyət olaraq da heç zaman öz yolundan dönməməsidir.

Azərbaycan üçün Fərəc Qarayev bizim çağdaş dünya musiqisindəki avanqard imzadır. Dünyanın ən ünlü musiqi təhsili ocaqlarından sayılan Moskva Dövlət Konservatoriyasının Musiqi nəzəriyyəsi kafedrasının professorudur. 1995-ci ildən Bakıda yaradıb təsis etdiyi “Yeni Musiqi” Cəmiyyətinin rəhbəridir. 2007-ci ildən 2016-cı ilədək fasilələrlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Zamanla üz-üzə” musiqi layihəsinin rəhbəri olub.

Fərəc Qarayevin hələ çox gənc ikən (1969-cu ildə) bəstələdiyi “Qobustan kölgələri” baleti indiki postsovet məkanında ən müasir balet əsərlərindən sayılmaqdadır, hələ əlli il əvvəl Parisdə ilk dəfə nümayiş etdirilən iki musiqili səhnə əsərindən biridir. Uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılmış bu əsər 2013-cü il mayın 31-də Bakıda keçirilmiş II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun layihələrindən biri kimi tədbir iştirakçılarına Qobustan Milli Tarix-Bədii Qoruğunda – minilliklərin yaşıdı və yaddaşı olan qayaların kölgəsində nümayiş olundu.

Ümumiyyətlə isə, Fərəc Qarayevin əsərlərinin ifa coğrafiyası bizim düşündüyümüzdən, təsvir etdiyimizdən daha genişdir. Nədən? Ona görə ki, Fərəc Qarayev şöhrət, gündəmdə olmaq və daha çox yazıb-yaratmaq adlı paralel yaşam arasında daha çox işləmək, öyrətmək istiqamətini seçib.

Əslində, onun keçdiyi yaradıcılıq yolunu, yaş artsa da, azalmayan işləmək həvəsini, tükənməyən bəstəkarlıq istedadını nə qədər tərif etsək, bildiklərimizi bir yazıya sığışdırmaq mümkünsüz olacaq. O üzdən də yazımızı çağdaş Azərbaycan musiqisinin tədqiqatçısı, tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadənin Fərəc Qarayevin doğum gününə yazdığı təbriklə bitiririk: “Fərəc müəllim, Sizin musiqi naminə elədiklərinizi təsvir etmək üçün söz kifayət etmir. Nəhəng təfəkkürə malik bir sənətkarsınız. Bizə bəxş etdiyiniz o xoşbəxtlik anları üçün Sizə təşəkkür edirəm. Var olun!”.

# 639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #