Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) keçiriləcək.
Kulis.az xəbər verir ki, hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat komitəsi artıq Festivalın proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si Festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, bu ilki Festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, Festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu ilki Festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin Festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın qatılacağı Festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.