Adolf Hitlerə məxsus qol saatı ABŞ-da keçirilən hərracda 1,1 milyon dollara satılıb.
Kulis.az “lenta.ru”ya istinadən xəbər verir ki, saat ABŞ-ın Merilend ştatındakı Çesapik şəhərindəki “Alexander Historic Auction House”da satışa çıxarılıb. Qızıl saatın korpusunda qartal, svastika və alman nasist liderinin inisialları var.
Hərrac evinin məlumatına görə, fransız əsgərləri bu saatı 1945-ci ildə Hitlerin Bavariya Alplarında yerləşən Berqofdakı evindən “xatirə” kimi alıblar.
Hələ hərrac başlamamışdan əvvəl təşkilatçılar sərt tənqidlərə məruz qalıb. 34 yəhudi liderinin açıq məktubunda saatın satışını "iyrənc" adlandırıb və nasist əşyalarının hərracdan çıxarılması tələb olunub.
Daha əvvəl çoxlu sayda nasist əşyalarını satışa çıxaran hərrac evi tarixi qorumağı hədəflədiyini açıqlayıb.