Gənc musiqiçilərimiz Azərbaycan musiqisini TikTok-da necə tanıdırlar?

Gənc musiqiçilərimiz Azərbaycan musiqisini TikTok-da necə tanıdırlar?
16 yanvar 2025
# 16:38

Kulis.az "Gənc musiqiçilərimiz Azərbaycan musiqisini TikTok-da necə tanıdırlar?" yazısını təqdim edir.


Rəqəmsal dövrün sürətlə inkişaf etdiyi bir zamanda, musiqi dünyası da bu dəyişikliklərə uyğunlaşır. Xüsusilə TikTok kimi platforma, musiqiçilər üçün öz yaradıcılıqlarını geniş auditoriyaya çatdırmaq və milli musiqimizi dünyaya tanıtmaq üçün unikal imkanlar yaradır. Müasir Azərbaycan musiqiçiləri də bu fürsətdən istifadə edərək xalq, retro, milli musiqilərin zəngin çalarlarını, muğamın ecazkar səslərini və müasir ritmləri kreativ yanaşmalarla təqdim edirlər. Onlar viral trendlərə qoşularaq, milli musiqi alətlərindən istifadə edir, qısa və yaddaqalan videolarla izləyicilərin diqqətini cəlb edirlər. Bu dəfəki məqaləmizdə daha 4 belə yaradıcıdan bəhs etmişik. Gəlin onların hesablarındakı fəaliyyəti ilə tanış olaq.

@perviz.qasimov

15 mindən artıq izləyicisi, bəzi məzmunlarında 300 minə yaxın baxış sayı olan Pərviz, hesabında dünya musiqisinin inciləri ilə yanaşı, klassik Azərbaycan bəstələrini də özünəməxsus üslubda ifa edərək geniş izləyici auditoriyası qazanıb. Klassik Azərbaycan musiqilərini yenidən canlandıraraq gənc nəsilə sevdirir və milli musiqi mədəniyyətimizi beynəlxalq səviyyədə tanıdır. Onun repertuarında həm xalq, həm də dahi bəstəkarların əsərləri xüsusi yer tutur.
Pərviz TikTok hesabı vasitəsilə Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, dünya musiqisinə də yeni baxış bucağı gətirib. Onun uğurları göstərir ki, milli dəyərləri qoruyaraq müasir trendlərlə uyğunlaşdırmaq mümkündür. Bu yanaşma musiqimizin gələcək nəsillərə ötürülməsi və daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bir sözlə, bu istedadlı yaradıcı musiqi sahəsindəki fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlifliyini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük bir körpü rolunu oynayır.

@narmin_abdull

Nərmin Abdul, musiqiyə ehtirasla bağlı olan peşəkar gənc pianoçudur. O, pianonun dillərinə barmaqlarını sevgi və duyğu ilə toxunduraraq, həm dünya musiqisinin ən gözəl əsərlərini, həm də milli musiqimizin nadir incilərini ifa edir.
TikTok platformasında yaratdığı maraqlı və təsirli performanslarla qısa zamanda geniş izləyici – 42 mindən artıq auditoriya toplayan bu yaradıcının ifaları dinləyicilərinin qəlbinə yol tapır.
Görkəmli bəstəkar Emin Sabitoğlunun “Alagözlüm” musiqisini özünəməxsus tərzdə ifa etdiyi bu kontentdə izləyicilərin qəlbin yol tapmış, 680 minə yaxın baxış sayı qazanmışdı.
Ü.Hacıbəylinin Azərbaycan musiqi tarixində xüsusi yer tutan "Sevgili Canan" romansını böyük zövq və peşəkarlıqla ifa edən, əsərdəki sevgi və ehtirası olduğu kimi izləyiciyə ötürən bu kontenti yaradıcının şah əsəri adlandıra bilərik.

@vip_piano_lessons


Özünü “dünyanın ən xoşbəxt müəlliməsi” adlandıran Bakı Musiqi Akademiyasının pianoçusu həm peşəkar ifaları, həm zərifliyi, həm də hesabının zövqlü məzmunu ilə seçilir. Musiqiyə olan sevgisi və peşəkarlığı onun hər videosunda öz əksini tapır.
Bu yaradıcı dünya musiqisinin möhtəşəm əsərlərinə, eyni zamanda klassik Azərbaycan musiqisinin incilərinə repertuarında yer ayırır. Onun ifaları dinləyicilərdə dərin emosiyalar yaradır və musiqinin hər notunda peşəkarlıqla yanaşı, səmimi hisslər duyulur. Dahi bəstəkarımız Elza İbrahimovanın “Gecələr bulaq başı” bəstəsi yaradıcının ifasında çox möhtəşəm alınıb və izləyicilərinin xoş sözlərinə layiq görülüb.
Bir sözlə, bu zərif və istedadlı müəllimə musiqi sənətinin incəliklərini tələbələrinə öyrətməklə yanaşı, Azərbaycan musiqisinin TikTok kimi nəhəng platformada da genişlənməsinə təkan verir.

@nurayhacizadeofficial

Daha bir gənc və istedadlı xanəndə Nuray Hacızadə TikTok hesabında, zövqlü və keyfiyyətli ifaları ilə yaratdığı kontentlə fərqlənir. Nuray qısa müddətdə böyük populyarlıq qazanaraq, musiqimizi uğurla təbliğ edən ən parlaq ifaçılardan birinə çevrilib.
Onun repertuarı əsasən retro, milli və xalq mahnılarından ibarətdir. Nuray, Azərbaycan musiqi mədəniyyətini yenilikçi yanaşma ilə təqdim edərək, təkcə ölkəmizdə deyil, dünya miqyasında da geniş dinləyici auditoriyası qazanıb. Onun ifalarında milli musiqimizin zənginliyi və tarixi irsi müasir trendlərlə uğurla birləşir.
Nuray Hacızadənin TikTok hesabı estetikliyi və peşəkar təqdimatları ilə izləyicilərin böyük marağına səbəb olub. Onun səmimi və təsirli ifaları dinləyicilərin qəlbini fəth edir, musiqimizə olan marağı artırır.
Beləliklə, TikTok müasir gənc ifaçılar üçün Azərbaycan musiqisini geniş auditoriyaya təqdim etmək və milli musiqimizi dünya miqyasında tanıtmaq üçün mükəmməl bir fürsət yaradır. Bu platforma, istedadlı sənətçilərə öz səs və ifa tərzlərini sərhədlərdən kənara çıxarmaq, milli dəyərləri müasir texnologiyalarla birləşdirərək daha çox insana çatdırmaq imkanı verir.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

# # #