Azərbaycan musiqi sənətinin korifeylərindən olan Fikrət Əmirovun 100 illiyini Fransanın musiqi üzrə ixtisaslaşmış “Mezzo” telekanalı da qeyd edir.
Kulis.az xəbər verir ki, televiziya kanalının internet səhifəsində bəstəkarın balet və simfonik konsertlərinin yayımlanacağı ilə bağlı proqram açıqlanıb.
Proqrama əsasən, musiqisevərlərə dekabrın 1-dən 23-dək bəstəkarın “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları, “Azərbaycan kapriççiosu” və “Kor ərəbin mahnısı” təqdim ediləcək. Əsərlər maestro Rauf Abdullayevin dirijorluğu ilə Monte-Karlo Filarmonik Orkestrinin ifasında səslənəcək. “Kor ərəbin mahnısı” xanəndə Alim Qasımovun ifasında yayımlanacaq.
“Mezzo” televiziyasının “Twitter” səhifəsində də Fikrət Əmirovun 100 illiyi ilə bağlı məlumat və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında lentə alınmış “Min bir gecə” baletindən bir parça yerləşdirilib.