Erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti – “Mixaylo”nun qadınlarla dolu həyatı

Erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti – “Mixaylo”nun qadınlarla dolu həyatı
12 aprel 2022
# 12:20

Bu gün Xalq artisti Nodar Şaşıqoğlunun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.


1. Nodar Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5-6 il Taqanka Teatrında çalışıb. Türk əsilli babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan... Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Nəticədə 12 fəndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.

Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Amma bu vaxt ərzində evlənməyə də vaxt tapır. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır. Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb.

***

“Uzaq sahillərdə” filminin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər. Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar Şaşıqoğlu bu şöhrətdən qorxmurdu. Küçələrdə piyada gəzməkdən çəkinmirdi.


Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Rejissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işləməyə çağırırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Ona Bakıda dövlət ev vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə həlak olan, biri Nodar Şaşıqoğlu.


Filmin bəzi kadrlarının şəkilişi üçün Yaltada uzun müddət yeraltı tunel qazılıb. Mixaylo ilə Veselin də o dəhlizdə suyun içərisi ilə getməli idilər. Özü də filmdə “çimmək” səhnəsi varsa, bu səhnələr tərslikdən qış aylarında çəkilir:

“Hər dubldan sonra bizə 100 qram “cəsarət içkisi” verirdilər. Sonra yenidən başımıza qar yağa-yağa, buz kimi gölməçəyə girirdik”, deyə aktyor xatırlayır.


Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.

Ancaq Nodar bu haqda belə yazır: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi. Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”.

Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslərinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi. Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənirlər. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı "baş rol"da oldu. Vəzifəli şəxslər tərəfindən Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər. Məsələn, "Dədə Qorqud" filmində baş rola çəkilməli imiş. Həmin adam siyahıda onun adının üstündən qalın bir xətt çəkir, üstəlik Tofiq Tağızadəyə də gözlərini ağardır.

Bu barədə aktyor sonralar müsahibələrinin birində deyir:

"Həyatda həmişə Don Juan olmuşam. Amma mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum. Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala".

***


Nodar Xalq artisti Barat Şəkinskayanı sevib, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsəyib ona - "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.


Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız olur, evlənirlər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır. Bakıya qayıdandan sonra ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalır. Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi uşaq Nodar Şaşıqoğlu onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib. Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-də Bakıda vəfat edir.

# 12768 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #