Ərinə qulluq edə bilmədiyi üçün boşandı, oğluna 10 yaşında toy elədi, dəvət olunmadığı toya ağlaya-ağlaya getdi -Könülün əzablı həyatı

Könül Xasıyeva, Xalq artisti

Könül Xasıyeva, Xalq artisti

17 mart 2022
# 21:00

Bu gün Xalq artisti Könül Xasıyevanın doğum günüdür. Kulis.az xanəndə haqqında maraqlı faktları təqdim edir.

Könül Kazım qızı Xasıyeva 1968-ci il martın 17-də Şəkidə doğulub. 1981-ci ildə gənclərin ümumrespublika müsabiqəsində qalib olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovadan dərs alıb. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti Arif Babayevin tələbəsi olub.

***

Könül Xasıyeva gənclik illərində toylar üçün ən çox tələb olunan qadın müğənnilərindən biri olub. Özünün dediyinə görə müğənni həmin dövrdə yaxşı pul da qazanıb. Bir dəfə isə Ağsu rayonunda olanda bir diş həkimi onunla evlənmək istəyir. Oğlanın xalası Könül xanımı bir kənara çəkib oğlanı ona göstərib fikrini açıqlayanda müğənni qəti etiraz edib.

Müğənninin başqa bir şəkili pərəstişkarı isə hər gün Könül xanımın təhsil aldığı konservatoriyanın qabağına gəlir, bəzən özü ilə bacısını da gətirirmiş. Könül xanım o vaxt toylara çox getdiyindən, başı qarışıq olduğundan ailə haqqında düşünməyə vaxt tapmır və şəkili aşiqinə də yox cavabı verir.

***

Müğənninin apardığı el şənliklərində saysız hesabsız davalar da düşürmüş. Müsahibələrinin birində o, bu haqda deyir:
“Ad çəkməyəcəm, bir dəfə rayonlardan birində toydaydıq. İki günlük məclis idi. Birinci günü kənardan gələn qonaqlar üçün, ikinci gün isə kənd camaatı, toy sahibinin öz qohum-əqrabası üçün oxuduq. Toyun sonuna bir-iki saat qalmış bir nəfər gəlib bizim stola yaxınlaşdı ki, “Baleyli” mahnısını oxuyun. Bizim çalğıçı da deyir ki, “Baleyli” mahnısı yoxdur axı, “Muleyli” var. Dedi yox, “Muleyli” oxuyun, ancaq o yerinə çatanda “Baleyli” deyin. Özü də ikiəli ilə stoldan yapışıb, ayaq üstə dayana bilmir. Nə isə hay-küyə toyun sahibi gəldi. Məsələni öyrəndi, biz dedik indi, onu çölə çağırıb sakitcə izah edər. O isə oğlana birdən qəfil şillə vurdu. Mən dik atıldım. Oğlan da buna bir yumruq vurdu, toyxananın o tərəfi burdan, bu biri tərəfi də o yandan gəldi, düz bizim stolun qabağında savaşmağa başladılar. Butulkalar havada uçuşmağa başladı. Bir də baxdım ki, yanımda heç kəs yoxdu”.

Xanəndə uzun illərdir ki, səhhəti ilə bağlı problemlər yaşayır. Sənətkarın sinir ağrılarından əziyyət çəkdiyi, onurğa sütununda problemlər olduğu bilinir. Xanəndənin bacısı isə 2000-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

***

Könül Xasıyeva 39 yaşında Ramin adlı biri ilə ailə həyatı qurub. Öz toy məclisində o, muğam müəllimlərinin və sənət dostlarının xahişi ilə muğam ifa edib. Bir il sonra onların Kazım adlı övladı dünyaya gəlib. Lakin, xanəndənin evlilik həyatı uğursuz olub, onlar ayrılıblar. Müsahibələrinin birində o, bu haqda deyir:
“Həyat yoldaşımı Ramini sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım idi. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur, yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi”.

Eyni zamanda Könül xanımın oğlu Kazım da “turetta” xəstəliyindən əziyyət çəkir. Xalq artistinin sözlərinə görə oğlu Kazım məktəbə gedə bilmir, qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Ona sakitləşdirici dərmanlar verilsə də, həmin dərmanlar onun yaşına uyğun olmadığı üçün səhhətinə pis təsir edir.

***

Könül Xasıyeva müğənni Könül Kərimova ilə tələbə yoldaşı olub, eyni kursda təhsil alıblar. Könül Kərimova qızına toy edərkən Xasıyevanın səhhətini nəzərə alaraq onu toya dəvət etmir. Ancaq Könül Xasıyeva bu xəbəri eşidib toya gedir. İki xanəndə dəhlizdə görüşərkən Könül Xasıyeva göz yaşlarına hakim ola bilməyib ağlayır.

Ağır xəstəliyə tutulandan sonra Könül Xasıyeva dünyasını tez dəyişəcəyindən və oğlunun toyunu görə bilməyəcəyindən ehtiyat edərək az yaşlı oğlunun ad gününü toy kimi keçirmək qərarına gəlir. Məclisdə o, oğlu üçün vağzalı çaldırıb, boynuna şal, barmağına üzük taxır.

# 11420 dəfə oxunub

Müəllifin son yazıları

# # #