"Əmir Teymurun məzarını" Atatürkə Vladimir Lenin hədiyyə edib - Ankaradan reportaj

"Əmir Teymurun məzarını" Atatürkə Vladimir Lenin hədiyyə edib - Ankaradan reportaj
27 sentyabr 2023
# 09:00

Kulis.az Aləmdə Nəsibin Ankaradan hazırladığı reportajı təqdim edir.

Ankara boz, darıxdırıcı şəhərdir...

Türkiyənin paytaxt şəhərinin adı çəkilincə, çox adamdan bu sözləri eşidir, gəzməli-görməli şəhər olduğuna dair az qala bir kəlmə xoş söz deyəni xatırlamıram. Bu gün isə özüm həmin şəhərdəyəm. Payız fəslinin astanasında günəşli, sərin havaların müşayiəti ilə Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikalarından həmkarlarla Ankaraya bir neçə günlük səfərimiz var.

Aeroportdan çıxandan Ankaranın havasını ciyərlərimə çəkmək üçün hələ ki üç-beş dəqiqə zamanım olub. Hazırda maşınla hərəkət edirik. Bələdçimiz hər kəsə “kolonya”, nəm salfet və su paylayır. Uçuşumuzun necə keçməsi ilə maraqlanır. Hər kəs təbəssümlə “Yaxşı keçdi” deyərək nəyisə axtarırmış kimi ətrafa boylanır, diqqətini yayındırmamağa çalışır. Bələdçimiz səfər planı, proqram barədə ilkin məlumatları verəndən sonra hər kəs yenidən seyrə davam edir.

Yolboyu şəhərə baxdıqca “Boz şəhər dedikləri budur?” sualını özümə verirəm. Binaların fasadları səliqəli, küçələr təmizdir, nə siqnal səsi eşidilir, nə tıxac var. Şəhər gözümdə sakit ruhlu, müdrik qocaman obrazında canlanır. Elə bələdçimiz də şəhərin kifayət qədər planlı salındığını, ətrafdakı binaların əksəriyyətinin dövlət qurumları və təhsil ocaqlarına məxsus olduğunu vurğulayır. Bəli, hisslərim ilk dəqiqələrdən bu tarixi şəhərin təhsil, iş üçün əlverişli, sakit həyat yaşamaq istəyənlər üçün olduqca uyğun olduğunu pıçıldayır. Sonradan gəzintimiz zamanı şəhər sakinləri ilə söhbətimdə də bunun təsdiqini tapmış olacağam.

Yüksək mərtəbəli binadan baxınca ətrafda çox sayda yaşayış, inzibati binalar, göydələnlər görünməsinə baxmayaraq, küçədə maşın sayı azdır, böyük şəhərlərə məxsus səs-küy yoxdur. Yəqin, şəhərin boz və cansıxıcı olduğunu deyənləri də bu sakitlik qorxudub. Gözümə çox yaşıllıq dəyməsə də, dərindən nəfəs aldıran, hər nəfəs alışında xoşbəxt hiss etdirən bu şəhər sakitliyi ilə yazıb-yaratmaq üçün də çox əlverişli görünür.

Hava qaralınca şəhərin küçələri işıqlanır. Böyük mağazaların, kafe-restoranların olduğu küçələrdə insan sayı çoxalır, yollarda maşın sıxlığı bir qədər artır. Lakin yenə nə siqnal səsi eşidirəm, nə ictimai nəqliyyatdan gileyli simalar görürəm. Bir tərəfdə alış-veriş gedir, digər tərəfdə simitçi simit satır, insanlar çay içir, şirin-şirin söhbət edirlər.
Deyilənə görə, musiqilərin və ətirlərin güclü yaddaş aşılamaq qabiliyyəti olur. Elə bunu xatırlayıb sevdiyim mahnılardan parçalar dinləyərək duyğularımı yaddaşımda sabitləməyə çalışıram. Arada həmkarlarla da səs-səsə verib zümzümə edirik: Ankaranın bağları da büklüm-büklüm yolları...

Hava qaralsa da “İsti simit!” sədasını eşidincə simitçiyə tərəf yeriyirəm.
- Simit neçəyədir?
- Azərbaycanlısınızmı?
-Nədən bildiniz? - deyə təəccüb qarışıq təbəssümlə soruşuram.
- Tələffüzünüzdən. Sizdən buraya gələnlər çox olur. Azərbaycanlılar bizim qardaşlarımızdır. Buyurun, qonağımız olun.
- Təşəkkür edirəm. Hər kəsi qonaq etsəniz, bir şey qazana bilməzsiniz, - təbəssümlə pulu uzadıram.
- Yox, nə olacaq, bir simit də məndən olsun, - deyərək satıcı israr edir. Əlini geri çevirməmək üçün təşəkkür edərək ödənişi alır, yolumuza davam edirik.
Qonaqpərvərlik və xoş ünsiyyətdən sonra həmkarlara özümü elə Azərbaycandaymış kimi hiss etdiyimi deyirəm. “Buralara gələnlərin özlərini heç yad hiss etmədiklərini, mühitə tez öyrəşdiklərini indi daha yaxşı anlayıram”, - deyə əlavə edirəm.


Öz-özümə düşünürəm: İnsan əlində olanın qiymətini bilməzmiş. Bəlkə də bəzən qardaşlığımızın, dostluğumuzun, qonşuluğumuzun gözəlliyini dərk edə bilmirik, amma istər belə, istər dövlət səviyyəsində görüncə, duyunca özümüzü daha inamlı hiss edir və o zaman daha yaxşı anlayırıq ki, qardaşlığımız, qonşulumuz gözəldir! Əbədi və möhkəm olsun!

Beləcə işıqlı, sakit şəhərin mənzərəsini seyr edə-edə müşahidə etdiklərim barədə düşünməkdən, duyğularımı dərin-dərin yaşamaqdan doymuram. Düşünmək, başqa pəncərələrdən də baxmağa cəhd etmək, sevmək, daha da dərindən sevməyi öyrənmək, başqa ritmləri də duymaq, hiss etmək gözəldir. Cəsarətini toplayıb buna bir dəfə cəhd etdinsə, deməli, bir də heç nə əvvəlki kimi olmayacaq. Bizim istədiyimiz də bu deyilmi?! Cavab kiminsə üçün dəqiq və tərəddüdsüz “bəli”, kiminsə üçün isə müəmmalı səssizlikdir. Biz “bəli” deyə cavab verib növbəti günəşli, sərin gündə Ankarada Rəsm və Heykəl Muzeyinə üz tuturuq.

Bizi hündür təpənin başında, ətrafı quşbaxışı seyr edə biləcəyimiz ehtişamlı bir bina qarşılayır. Rəsmdən çox da anlamayan, tarixi sevməyən adamlar üçün də zənn edirəm, bu binaya daxil olmaq, kəşf etmək olduqca cəlbedici görünə bilər. Elə özüm də həyəcan və maraqla bələdçimizin muzey haqqında məlumatını dinləyirəm: Muzeyin binası 1927-1930-cu illərdə Türk ocaqlarının baş qərargahı olaraq inşa edilib. Bina Türkiyə tarixinə məxsus bir çox önəmli anlara şahidlik edib. Məsələn, ilk Türk Konqresi 1931-ci ildə bu binada keçirilib. 1934-cü ildə binanın konsert salonunda ilk türk operası olan “Özsoy” tamaşaya qoyulub. Bina 1975-ci ildən muzey kimi istifadəyə verilib. Bələdçimiz bildirir ki, burada yaşı yüz ildən çox olan zəngin kolleksiya var. Muzey milli və beynəlxalq sərgilər, simpoziumlar, görüşlər, konfrans və konsertlərlə Ankaranın mədəni və incəsənət mənzərəsini canlandırır.

Muzeyin birinci mərtəbəsində Türkiyənin Qurtuluş savaşında apardığı mübarizəni əks etdirən müxtəlif rəsmlər, Mustafa Kamal Paşanın fikirləri və müxtəlif portretləri nümayiş etdirilir.

Burada fərqli rəssamların gözü ilə müharibənin acısını da, xalqın mübarizə zamanındakı məğrurluğunu da görmək, hiss etmək mümkündür. Hətta bir çox tabloların qarşısında dəqiqələrlə düşünür, rəssamın çatdırmağa çalışdığı hekayələrin bir parçasına çevrilirəm. Bu zaman bələdçinin çağırışına fikirdən oyanır, yuxarı mərtəbəyə qalxmaq üçün pilləkənlərə tərəf addımlayıram. Pilləkənləri qalxarkən bələdçimiz başımızın üstündə asılmış tablonu göstərərək deyir ki, Əmir Teymurun məzarını əks etdirən rus rəssamları tərəfindən hazırlanmış tablonu Vladimir Lenin Atatürkə hədiyyə edib.

O bildirir ki, muzeydəki salonlarda hər kəsin zövqünə xitab edəcək rəsmlər sərgilənir. Onlar arasında diqqətçəkənlərdən biri də “Silah taciri” tablosudur. Elə salona daxil olarkən iki xanımın balaca bir oğlana tablo haqqında suallar verdiyini, onun da şəhadət barmağını uzadıb “Bax, buradadır”, deyərək göstərdiyini, hər dəfə doğru tapdığında yanındakı xanımların ruhlandırdığını müşahidə edirəm. Xanımın əlindəki kitabçanı göstərərək, “Bu testdir?” deyə soruşuram.
- Bəli. Uşaqların tabloları daha yaxşı yadda saxlaması və muzeyi kəşf etməsi nəzərə alınaraq tərtib edilib, - deyir.
- Nə gözəl! Deyəsən, balaca da həvəslidir, - deyə təbəssümlə bir yerdə durmağa çətinlik çəkən uşağa işarə edirəm.
- Təbii ki. Biz də onunla birlikdə yeni şeylər öyrənirik. Bəzi rəsmlərdə diqqətimizi çəkməyən məqamları uşaqdan soruşunca özümüz də düşünür, axtarırıq. Bu, olduqca yaxşı məşğuliyyətdir.

Onlarla sağollaşıb digər salonlara keçirəm. Yenə diqqətimi çəkən və çox xoşuma gələn məqamla qarşılaşıram: Valideynlər uşaqları ilə muzeyi kəşf edir, onlarla keçirdikləri bu müddət ərzində davamlı suallar verir, səbirlə dinləyir, onları müşayiət edirlər.

Muzeydə uşaqları rəsm çəkməyə, sənətə həvəsləndirən mühitin olması və valideynlərin övladlarına münasibəti olduqca könüloxşayan və insana gözəl gələcək üçün ümidlər verən xoş hisslər bəxş edir.

Üz tutduğumuz növbəti tarixi məkan Anadolu Mədəniyyətləri Muzeyidir. Bura 1921-ci ildə yaradılıb. Muzeyin hər bir guşəsi tarixi dövrləri xronoloji ardıcıllıqla özündə əks etdirir. Bələdçimiz bildirir ki, Anadolu Mədəniyyətləri Muzeyi 1997-ci ildə İsveçrənin Lozanna şəhərində Avropa Muzey Forumu tərəfindən keçirilən tədbirdə “Avropada İlin Muzeyi” mükafatına layiq görülüb.

Muzeydə olduğumuz müddətdə xeyli sayda insanın axınını görürük. Onlar arasında yerli vətəndaşlarla yanaşı turistlər də çoxdur. Valideynləri və ya tur rəhbərləri ilə muzeyi kəşf etməyə çalışan uşaqların bəzi hallarda təəccübləndiklərini görür, maraqla suallar verdiklərinə də şahidlik edirik.

Burada tarixin müxtəlif dövrlərinə səyahət edincə diqqətimi daha çox bəzək əşyaları çəkir. Sırğaları, boyunbağı və qolbaqları göstərərək həmkarıma, “Buna bax, indi bu cür zinət əşyaları dəbdədir. Bəs biz irəli gedirdik?” deyə zarafatla nə qədər inkişaf etsək də, axır-əvvəl gəldiyimiz yollara qayıdıb keçmişimizdən bəhrələndiyimizə işarə edirəm. O da sözümə qüvvət verərək, “Hə, indiki zamanda öz tərzi ilə daxili dünyasını, həyata baxışını ifadə etmək istəyən insanlar həmin naxışlara, fiqurlara daha çox üstünlük verirlər”, - deyə əlavə edir.

Öz-özümə, “Tarixi yerlərə getməyin əhəmiyyətli və vacib tərəfi də budur – geri dönüb insanlığın gəldiyi yola baxmaq, həyata və gələcəyə dair inamı, ümid və arzuları qoruyarkən həyata qarşı çox da iddialı olmamaq!” - deyə düşünərək təəssüratlarımın dadı-damağımda muzeyi tərk edirəm.

Ardı var...

# 1600 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #