Əllərim də qayğıkeşdir - Yeni şeirlər

Əllərim də qayğıkeşdir  - Yeni şeirlər
26 iyun 2024
# 11:00

Kulis.az Cavid Musanın yeni şeirlərini təqdim edir

Niyə fikirlidir bu qoca palıd?
Kim baltanı saplamış köksünə sənin?
Fəqət bir adamın işi deyildir.
Bəlkə bir ordu yürümüş üstünə sənin.

Təbiətdə gördüyün hər nələr varmış,
Heyran olubdur büstünə sənin.
Axı insan əli necə qıyarmış
Necə dayanıblar qəsdinə sənin.

Çəkinmə danış, denən dərdini
Bəlkə də dərdimiz eynidir, palıd.
Dağlar soyunmasın öz libasını,
Təbiətin örtüyü, əynidir, palıd.

Hər səfər uzaqdan görüb eşidincə
Gövdədən kəsirlər səni doğram-doğram
Mən bu torpaqlara gəlib yetişincə
Yollarda dərdimdən yarılır bağrım.

Təkcə təbiət tarixi deyil,
Bəşər tarixinə yazılmış adın.
Nə olur-olsun, qoruyacaqdır
Səni bu çarəsiz, miskin övladın.

***

Eşidəndə biri öldü,
ürəyim sıxılır,
Çılğın bir kədərə çatıram.
Sanki soyuq məzarda özüm yatıram.

Təhlükə altında olsam belə,
Sevdiyim insanları düşündüm.
Sən də özünü imtahan etdinmi heç?
Tam mənliyini üzə çıxardınmı heç?
Sonra özünü qucaqlamağa cəsarətin
oldumu?!

Ətrafda olanlara deyirəm.
Məni qırmağın, sındırmağın mənası yoxdur.
Özümü yenidən birləşdirirəm.

Əllərim də qayğıkeşdir.
Özümə vurulan düyünləri açır.
Ruhum günəş kimidir.
Gecə batsa da, səhər şəfəqlər saçır.

Mahiyyətim müqəddəsdir.
Paxıllığımı çəkmə ey əbləh,
Daha bəsdir!
Bəsdir!
Ağılla yaşamaq ömürdür,
Səninki son nəfəsdir.

***

Getdiyim yol, izim ağrıdı,
Ayaqda durmağa dizim ağrıdı,
Yuxusuz qalan gözüm ağrıdı,
Gözlərim yumulur yata bilmirəm.

Yara deyib qaşıdığımı,
Çiynimdə yük daşıdığımı,
Ömür bilib yaşadığımı,
Ölüm deyib ata bilmirəm.

Hər nə qədər bilirsənsə yenə bil,
Bu dünyanı əzəlindən belə bil,
Qəribədir yuxudayam elə bil,
Yanımdakı insanlara çata bilmirəm.

Dərdlərim ruhuma sarmaşıq oldu,
Fikirlər canımda alışıq oldu,
Başım o qədər qarışıq oldu,
Başımı bir şeylə qata bilmirəm.

# 914 dəfə oxunub

Müəllifin son yazıları

# # #