İngiltərəli məşhur müğənni və bəstəkar Ed Şeran "Cosmic Carpark Paintings" adlı yeni orijinal rəsm və çap seriyasını ictimaiyyətə təqdim edib.
Kulis.az xəbər verir ki, sənətçiyə məxsus əsərlər 10 iyul 2025-ci il tarixindən etibarən Londonda yerləşən “HENI Gallery”də nümayiş etdiriləcək.
Sərgi 1 avqustadək davam edəcək və ziyarətçilər üçün tamamilə pulsuz olacaq. Sərgilənən əsərlər satışa çıxarılacaq və əldə edilən bütün gəlir Ed Şeran tərəfindən yaradılmış və hər bir uşağa keyfiyyətli musiqi təhsili imkanı yaratmağı hədəfləyən Ed Şeran Fonduna bağışlanacaq.
Fond bu günə qədər 18 yerli musiqi təşkilatına və dövlət məktəblərinin musiqi bölmələrinə dəstək göstərərək 12 mindən çox uşaq və gəncin həyatına müsbət təsir edib.
Şeran bu əsərləri əsasən əylənmək və dostlarına hədiyyə etmək üçün yaratdığını, lakin tanınmış çağdaş rəssam Damien Hirst və HENI qalereyasının təşviqi ilə ilk dəfə sərgi açmağa qərar verdiyini bildirib. Sənətçi bu təşəbbüsü "sənətin sənəti dəstəkləməsi" modeli adlandırır.
Qeyd edək ki, Şeran əsərlərində, Cekson Pollokdan ilhamlanaraq boya sıçratma texnikasından istifadə edib.