Dünya Gənc Türk Yazarlar Birliyinin tədbiri keçirildi

Dünya Gənc Türk Yazarlar Birliyinin tədbiri keçirildi
18 fevral 2022
# 14:20

Şəmkir Regional Mədəniyyət idarəsinin tabeliyindəki Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 16 fevral 2022-ci il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə çap olunmuş "Nizami Gəncəvi irsi və gənclik" kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Dünya Gənc Türk Yazarlar birliyinin üzvləri ilə birgə Heydər Əliyev Mərkəzi, Gədəbəy Aşıq Məktəbi, Gədəbəy rayon MKS, GİKM-ın Gədəbəy nümayəndəliyi,Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər.

Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov giriş sözü ilə açaraq bu tədbirin Gədəbəy rayon Heydər Əliyev Mərkəzində keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. O, dahi Azərbaycan şairi və mütəfəkkirinin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edərək, Nizami Gəncəvi yaradıcılığının gənc nəslin intelektual səviyyədə yetişməsində böyük rol oynadığından söz açıb.

Tədbirin layihə rəhbəri, Prezident təqaüdçüsü, DGTYB - nin başqanı, şair, publisist İntiqam Yaşar çıxış edərək Nizami Gəncəvi ilində görülən işlərin davamı kimi yeni nəsil ədəbiyyat təmsilçilərinin yazılarınsan ibarət çap olunmuş bu kitabın ədəbi ictimaiyyət üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib. Nizami Gəncəvinin öz əsərlərində insanın kamilləşməsində elmə, biliyə, kitaba, tərbiyəyə yüksək yer verdiyini, şəxsiyyəti hər hansı bir rütbə deyil, yalnız elm, bilik, tərbiyə ucalda biləcəyini xüsusilə vurğulayıb.

Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, Nizami Gəncəvi irsinin xalqımızın düşüncə, mənəviyyat yaddaşında böyük əhəmiyyətə malik olduğunu və zaman-zaman bu barədə araşdırmalar aparıldığını, müxtəlif əsərlər yazıldığını vurğulayıb. Nizami Gəncəvi əsərlərinin həmişəyaşar olmasında gəncliyin də mühüm rola sahib olduğunu qeyd edən çıxışçı bu kitabın bu istiqamətdə yeni bir səs olduğunu da diqqətə gətirib.

Daha sonra mövzu ətrafında yeni nəsil ziyalıları Kəramət Əsədov, Vüsal Mahudoğlu, Rüfət İmamquluyev, Aliq Bağırov və s. kitabın məziyyətlərindən bəhs edərək, Azərbaycanın zəngin mədəniyyətə və ədəbiyyata malik olduğunu, Nizami Gəncəvinin ədəbiyyatımıza böyük töhvələr verdiyini bildiriblər.

Tədbirin sonunda DGTYB tərəfindən təqdimat iştirakçılarına "Nizami Gəncəvi irsi və gənclik" kitabı və Diplomlar təqdim olunub.

# 2428 dəfə oxunub

Müəllifin son yazıları

# # #