Döyüşdən 12 nəfər kəm gəldilər - Nadir Yalçının yeni şeiri

Döyüşdən 12 nəfər kəm gəldilər - Nadir Yalçının yeni şeiri
4 oktyabr 2023
# 11:33

Kulis.az Nadir Yalçının "On iki nəfər haqqında elegiya…" adlı yeni şeirini təqdim edir.

On səkkiz yaşında,
hələ bığ yeri təzə-tər yoldaşım,
bəxti bəxtimə tay soydaşım soruşur:
”Görən səhər açılacaq?”

“Səhərə ümid sənsən” dedim,
“sən özün nəfəssən” dedim,
“torpaq qaçmasın ayağın altdan,
sabah da yüyürəcəksən” dedim.

Səhəri gözlədi sübhə kimi,
istədi qol aça süzə meşədə,
bulud üstə gəzə,
ocaqdakı közə dəyib dayandı,
alça ağacının budağını əyib dayandı.
gedib o dünyanı gəzib dayandı.

Döyüşdən on iki nəfər kəm gəldilər yanımıza,
Arxa cəbhə,
dərd cəbhə,
qara xəbərə bənd cəbhə…

On səkkiz yaşında,
hələ bığ yeri təzə-tər yoldaşım
on iki dəfə dolandı başına alça ağacının,
dəli-dəli qol qaldırdı birdən…
içində ölüm qorxusu,
içində qisas hikkəsi,
gözləyir anası.

dedi, çətin açıla səhər…

düz dedi, açılmadı,
sabah gülümsəmədi on iki evdə,
üstümüzə od ələndi on iki yerdən.

on səkkiz yaşında,
hələ bığ yeri təzə-tər yoldaşım qayıtdı,
mən də qayıtdım,
on iki nəfər qayıtmadı…

Laçın, 2023.

# 1314 dəfə oxunub

Müəllifin son yazıları

# # #