Kulis.az ali təhsili olmayan yazıçıların siyahısını təqdim edir.
Mark Tven

11 yaşında atası vəfat etdikdən sonra məktəbi tərk etmək məcburiyyətində qalıb.
Təhsilini yarımçıq qoyduqdan sonra mətbəədə şagird kimi işləməyə başlayıb. Daha sonralar buxar gəmisində qayıqçı, qızıl axtaran və jurnalist kimi fərqli sahələrdə çalışıb. Bütün bunlara baxmayaraq, o, Amerika ədəbiyyatının ən böyük simalarından birinə çevrilib.
Çarlz Dikkens

Ailəsinin maddi problemləri səbəbindən 11 yaşında məktəbdən çıxıb.
Atası borca görə həbs edildiyi üçün Dikkens kiçik yaşlarından ayaqqabı boyası fabrikində ağır şərtlərdə işləməyə başlayıb. Onun rəsmi təhsili çox qısa sürsə də, "Oliver Tvist", "Böyük ümidlər" kimi dünya klassiklərini ədəbiyyata bəxş edib.
Ernest Heminquey

Yalnız orta məktəb təhsili alıb.
Orta məktəbi bitirdikdən sonra universitetə daxil olmaq əvəzinə birbaşa jurnalistikaya yönəlib və "The Kansas City Star" qəzetində müxbir kimi işə başlayıb. Çox keçmədən Birinci Dünya müharibəsində iştirak edib. Ali təhsili olmamasına baxmayaraq, həm Pulitzer, həm də Nobel mükafatına layiq görülüb.
Rey Bredberi

Orta məktəbi bitirdikdən sonra ali təhsil almayıb.
Ailəsinin kollec xərclərini qarşılamağa imkanı olmadığı üçün o, təhsilini yerli ictimai kitabxanalarda davam etdirib. Məşhur elmi-fantastika ustası bu barədə belə deyirdi:
"Mən kollecə getmədim, mən kitabxanaya getdim. 28 yaşımda kitabxanadan məzun oldum".
Maksim Qorki
Yalnız bir neçə il ibtidai təhsil ala bilib.
11 yaşında yetim qaldıqdan sonra həyatda qalmaq üçün qulluqçu, çörəkçi, hambal və gəmi aşpazının köməkçisi kimi müxtəlif ağır işlərdə çalışıb. Həyatı səfalət içində keçsə də, özünü inkişaf etdirərək rus ədəbiyyatının ən böyük nümayəndələrindən biri olub. O, avtobioqrafik trilogiyasının sonuncu hissəsini təsadüfən "Mənim universitetlərim" adlandırmayıb – onun ən böyük müəllimi həyatın çətinlikləri olub.