Dillərdə dastana dönən müəllimlər - Nərmin Həsənova

Dillərdə dastana dönən müəllimlər - Nərmin Həsənova
5 oktyabr 2023
# 11:00

Kulis.az Nərmin Həsənovanın "Ey hörmətli müəllim, hər könüldə yerin var" yazısını təqdim edir.

İlk dəfə 5 oktyabr 1966-cı ildə YUNESKO “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzaladı. 1994-cü ildən isə hər il oktyabrın 5-i müəllimlər günü kimi qeyd olunur. Müəllimlik peşəsi nə qədər məsuliyyətli, şərəflidirsə, müəllim adı da bir o qədər məna yükü ilə doludur. Ulu öndər Heydər Əliyev də “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” sözləri ilə bu peşənin vacibliyini vurğulayardı. Əlbəttə, müəllim haqqında tanınmış insanlar tərəfindən söylənilən fikirlər olduqca çoxdur. Müəllim haqqında yazılan şeirlər, nəğmələr, əsərlər kifayət qədərdir. Deməli, ürəklərdə bu sevgi məşəlini yaradan, dillərdə dastana dönən müəllimlər də çoxdur.

Bütün müəllimlərin həyatımızdakı rolları, əbədi yaddaşımıza həkk olan izləri danılmazdır. Amma ilk müəllimimizin qəlbimizdəki yeri tamam başqadır. Düzünü desək, körpə ürəklərdə günəş tək işıq saça bilmək, saf, qar kimi tərtəmiz vicdanlara sevgi, yaxşılıq toxumu səpmək, hələ yazılmamış hamar beyinləri cilalandırmaq olduqca çətin və məsuliyyətli bir işdir. Bu balaca mələklərə sinifdə müəllimdən daha çox ana kimi yaxın ola bilmək, onların ilham pərisinə çevrilmək böyük hünər tələb edir. Belə hünərli müəllimlərdən biri də 208 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Günay Məmiyeva Yaşar qızıdır.

Günay müəllimə gənc kadr olmasına baxmayaraq, dərs dediyi körpə fidanlarının böyük sevgisini qazanmağı bacarıb. Nəinki, uşaqlar, hətta valideynlər də bu 31 yaşlı müəllimədən danışanda yerlə göy qədər razı olduqlarını dilə gətirirlər. Təkcə elmi, savadı ilə deyil, uşaqlara göstərdiyi əsl analıq münasibətilə necə deyərlər, dillərə dastan olub. Balalarını daim diqqətdə saxlayır, hər xoş günlərində, bayramlarda onları müxtəlif hədiyyələrlə sevindirir. Hətta 8 Mart Beynəlxalq Qadınlar Günündə valideynləri də yaddan çıxarmır, onları da özünəməxsus şəkildə təbrik edir. Hər bir uşağa xüsusi diqqət, qayğı ilə yanaşır. Xüsusilə, qız uşaqlarına olan diqqəti təqdirəlayiqdir.

Günay xanımın etdikləri, əlbəttə, bunlarla yekunlaşmır. Müəllimə böyük qəlbiylə bütün bunları edərkən valideynlərdən heç bir halda kiçik də olsa hədiyyə qəbul etmir. Hətta doğum günü tarixini belə valideynlərlə bölüşmür. Biz, əlbəttə, müəllimənin doğum tarixi, doğulduğu yer barədə məlumat topladıq. Lakin müəllimənin sirrinə xəyanət etməyərək, düşüncələrinə hörmətlə yanaşaraq biz də bunu açıqlamırıq. Günay müəllimənin balaca toxumları cücərib, artıq 4-cü sinifə qədəm qoyublar. Bir-birindən gözəl 4 A sinfinin 30 parlaq ulduzu çox dəyərli Günay müəllimələrini təbrik edirlər. Bu dörd ili onlar üçün əbədi xoş xatirəyə çevirdiyi üçün müəllimlərinə təşəkkür edir, balaca qolları ilə qucaqlayıb, körpə bağırlarına basırlar. Valideynlər də övladlarına verilən bu qədər dəyərə, hər mənada göstərilən diqqətə görə Günay xanıma minnətdarlıqlarını bildirirlər.

Biz də öz növbəmizdə 5 Oktyabr müəllimlər günü münasibətilə müəlliməni təbrik edir, hökmdarların da önündə baş əydiyi bu şərəfli peşəni sona qədər ləyaqətlə davam etdirməyi arzulayırıq.

# 1301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #