Kulis.az Emin Pirinin “Əyyaş ata” hekayə-essesini təqdim edir.
“Atam tanıdığım ən alçaq adamdı. Başqa xüsusiyyətləri ilə işim yoxdur, bəlkə də dünyanın ən şərəflisidi, amma ataların şərəfsizi olduğundan əminəm” – deyərək, gözünü masadakı araq rumkasına zilləyib, fikrə getdi. Nəsə yadına düşmüş kimi davam etdi:
– Onun ucbatından ata ola bilmirəm. Ata olmaqdan qorxuram. Elə bilirəm ki, onun genlərini daşıyıram deyə, mən də onun kimi olacam. Məhz buna görə də öz övladımın qatilinə çevrildim. Sevgilim məndən uşağa qalarkən, sevinc göz yaşları içində onu abort etdirməyə məcbur etdim. Övladım mənim uşaqlığımı yaşamasın, atam kimi insanlar övlad sahibi olmasın deyə, onu ana bətnində öldürdüm. Mən qatiləm. Atama oxşamamaq üçün əlimi qana buladım...
Dünyada ata ölümündən gözəl heç nə yoxdur. Bu mənzərəni izləməyin verdiyi rahatlığı, xoşbəxtliyi yalnız sevişmə zamanı yaranan orqazmla eyniləşdirmək olar. Onun ölümünü öz gözlərinlə görmək, duyğuların ən gözəli, hislərin ən mükəmməlidir. Təəssüf ki, bu hissi ömründə yalnız bir dəfə yaşaya bilərsən. Əlimdə olsaydı, o duyğunun, tanrının verdiyi o gözəl ölüm lütfünün dəfələrlə şahidi olmaq üçün atamı gündə bir neçə kərə dirildib, yenə öldürərdim. Düşün, öz doğma atan qolların arasında can verir. Son nəfəsini, ciyərlərinin hayqırışını ovuclarında hiss etmək və dodağına qonan körpə təbəssümü ilə çırpınışların hər anını doyasıya yaşamaq. İlahi, necə də möhtəşəmdir.
Ardıyca davam etdi:
– Atası ölən dostlarıma paxıllıq edirdim. Onların yas mərasimlərində ağlayırdım. Bu göz yaşları onların kədərinə şərik olduğumdan deyil, möhtəşəm ata ölümünü – duyğuların ən gözəlini daddıqlarından içimi yeyib bitirən paxıllıq hissi idi. Göz yaşlarım o qədər içdən, səmimi idi ki, mənim niyə ağladığımı qıraqdan baxan heç kim anlaya bilməzdi. Əksinə, hər kəs dostlarıma olan sevgimin necə böyük olduğunu düşünərdi. Amma bütün bunlar, göz yaşlarım Allaha üsyan idi –dostlarıma bu gözəl neməti verdiyinə, xoşbəxtliyin zirvəsini yaşatdığına görə... Atası ölən hər kəsin paxıllığını çəkirəm! Ah, Tanrı, səni lənətə gələsən, nə günah sahibiyəm ki, mənə bu ölüm lütfünü çox görürsən?!
O, danışdıqca sözlərinin sehrinə düşürdüm. Təkcə bədənimin yox, ruhumun bütün hüceyrələri ilə valeh olmuşdum. İlk dəfə ruhun da hüceyrələrə sahib olduğunu onda duydum. Gərək ruhu dibinə kimi titrədən sözlər, hislər olmalıdır ki, sən o hüceyrələri duyasan. Onun cümlələri füsunkarcasına düzməsinə, hələ bu hekayədə qeyd edə bilmədiyim, daha doğrusu istedadımın yazmağa imkan vermədiyi vəhy kimi deyilən sözlərinə heyran oldum. Hərdən mənə elə gəlirdi ki, bunları danışan Allahın özü idi. Bəli, bəli, Allah! O, öz atasından danışırdı. Öz doğmasının ölümündən, bunun ona verdiyi xoşbəxtlik ekstazından həm də uşaq saflığı ilə bəhs etmək insan əməli ola bilməzdi. Belə mükəmməl duyğu – ata ölümünə olan saf, uşaq sevgisi yalnız kamil insanlara məxsusdur. Tanrılaşmış insanlara!
Məclisdəkilərin sehrə düşdüyünü görüb sözlərinin ardını gətirdi.
– Onun övladlarına, doğmalarına olan sevgisi araq şüşəsinin içindəydi. Ürəyi div kimi araq şüşəsinin içində döyünürdü. İnsanlığı şüşədəki mayenin dərəcəsindən, o şüşəyə sahib ola bilmək qüdrətinə qədər kiçilmişdi.
Sevgi ona araq badələri kimi görünürdü. Elə o vaxtdan arağa da, onu içənləri də qatil kimi görmüşəm. Sevgi qatilləri. Harda o butulkaları görsəm, istər dükanda, istər məclisdə anamın nişan üzüyünü xatırlayıram. Mən o şüşələrdən içsəm, anamın xoşbəxtliyini, gələcəyini, sağlamlığını içdiyimi düşünürəm. Hər şüşə mənə hansısa qadının sevgisinin, xoşbəxtliyinin məhvini xatırladır. Hər içilən şüşə bir sevgi, xoşbəxtlik tabutudur. İçənlərsə, qatil.
Anamı döyə-döyə barmağından çıxartdığı nişan üzüyü arağın ona verəcəyi həzz üçün idi. Sonra pula çevrilən o üzüyün məni də döyə-döyə dükana göndərməsi, anamın xoşbəxtliyini, sevgisini satıcıya uzadıb “xoşbəxtliyə neçə araq şüşəsi düşür?” deməyim...
Bütün araq şüşələrinin içində anamın nişan üzüyünü görürəm. Araq badələri bir-birinə dəyərkən çıxan səs barmaqdan düşən o üzüyün səsini xatırladır mənə. Sanki hansısa qadının xoşbəxtliyi badə cingiltiləri arasında məhv olub gedir.
Bütün fahişələrin və əyyaşların dərdi var. Problemə və dərdə görə bu yoldadırlar. Onlar dərdin olmasına üzülür? Əsla, hər yeni dərdə sevinirlər. Hər dəfə təzə dərd onlara bəhanə, yeni araq şüşəsi, məhv edilmiş yeni qadın həyatı, özlərini təmizə çıxartmaqçün şərəfsizcə uydurulmuş dərd adlı sevincdir. Doğmalarının ölümü, hər qardaş, bacı ölümü onlara şeytan tərəfindən bəxş edilmiş nemətdir. Doğmalarının tabutunu torpağa tapşırmadan dərd adıyla içməyə başla...
Əminəm, o, mənim də ölümümü istəyir. Ruhunun dərinliyində yatan şeytan ona bir övlad ölümü, dərdi arzulayır. Övlad bəhanəsindən gözəl uydurulmuş dərd nə ola bilər? İç ki, içəsən. Kim sənə nə deyə bilər, oğul dərdindən içirsən, axı. Görənlərin də “oğul dərdindən içir bədbəxt” – sözləri var ha, arağın ən gözəl “zakuska”sıdır. Hə, əminəm, o hər gecə mənim ölümüm üçün içdən-içə dua edir.
O, şüşəyə baxanda yenə o üzüyünü xatırlayır. Döyülə-döyülə barmağından çıxarılarkən, “heç olmasa uşaqlara da nəsə al” hayqırtısı qulaqlarında cingiltiylə səs çıxarır. O səsi mən də eşitməyə başlayıram. Elə masadakı digər qonaqlar da yad qadın səsi gəldiyini deyir. Axı, bizim olduğumuz zalda qadın yoxdur. Bu qadın səsi kimindir, hardan gəlir?
Səs masanın üstündən gəlir. Hər kəs bu səsi tapmaq üçün sükuta qərq olur. Bu qadın ağlamsımağıdır. Əlimi qulağıma yaxınlaşdırıb masanın ortasına doğru yaxınlaşıram. Səs şüşənin içindən gəlir. Yalvarış dolu... Hər birimiz sakitcə, donmuş vəziyyətdə şüşənin içindən gələn qadının yalvarışlarını dinləyirik.
O qadın şüşənin içində boğulur, xilas olmaq üçün çırpınırdı. Şüşənin ağzına doğru əllərini uzadaraq çıxmağa çalışırdı. Amma biz içdikcə şüşə boşalmır, qadınsa əksinə daha artıq əziyyət çəkir, xirtdəyinə kimi qalxan maye onu boğurdu.
Biz bu qədər içmişdik, şüşə niyə boşalmırdı? Biz içdikcə şüşəni qadın göz yaşlarıyla doldururdu?!
Zala boylanıram. İçki şüşəsi olan bütün masalardan qadın yalvarışları, uşaq ağlaşmaları eşidilir. Səslər insanın beyninə işləyir. Qulağımı əllərimlə tutaraq çölə qaçıram. İçimdəki sevgini nifrət qarışıq bütün şəhərə eşitdirmək üçün qışqırıram:
– Bütün atalara ölüm! Hər əyyaş atanın ölümü bəşəriyyətin xilası naminə atılmış ilahi bir addımdır!
...Görəsən, bu gün içdiyimiz araq hansı qadının göz yaşlarıdır? Cingilti səsləri hansı xanımın üzüyüdür? Kimin xoşbəxtliyini, sevgisini bir-birimizin sağlığına içdik?!...