Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə

Yazıçı Səfər Alışarlı: “Azərbaycan sərvət aşiqlərinin ölkəsidir” - Müsahibə
23 sentyabr 2021
# 15:33

Kulis.az yazıçı Səfər Alışarlı ilə müsahibəni təqdim edir.

- Səfər bəy, necəsiniz? Neynirsiniz?

Ölkədə ədəbi prosesin mənzərəsini feysbukdan müəyyən qədər izləyirəm, keçmişi xatırlayıram. Gələcəyin bəzi yeni cizgilərini axtarıram. Nələrisə yazıram.

- Müasir ədəbi prosesi necə görürsünüz?

Ədəbi proses normaldır, hər kəs istədiyini yazır, çap edir, öz təbliğatını aparır. Ancaq müəlliflər arasında həqiqi ədəbiyyatın nə olduğunu bilən də var, bilməyən də. Bəlkə də ikincilər birincilərdən daha çoxdur. Açığı, bu məni çoxdan təəccübləndirmir, Azərbaycan aşıqlar ölkəsidir.

- Həm də aşiqlər...

- Hə, indi mal-mülk, sərvət aşiqlərinin ölkəsidir. Kapital şeiri sevmir. Siz deyən aşiqlər indi azdır. İndikilərin adı, ünvanı, fəaliyyət dairəsi konkretdir. Onlardan biri ilə bu barədə danışanda mənə dedi, sən bilmirsən biz pulu nəyə xərcləyirik? Dedim, nəyə? Bir az da pafosla dedi, biz pulla Azərbaycanın tale yüklü məsələlərini həll edirik. Ondan ayrılandan sonra mən xeyli fikirləşdim bu haqda. Dəqiq bilirdim ki, bu adamın ağlı ilə Azərbaycanın tale yüklü məsələlərini həll etmək mümkün deyil.

- Ölkənin əksər qələm adamları ədəbi prosesin gedişindən narazıdır, siz isə deyirsiniz normaldır.

- Ölkədə ədəbi prosesin axarı həqiqətən normaldır. Düşündüyünü yaz, yazdığını sərbəst çap elə, yay və sair. Sovet dövründə bu, bütün müəlliflərin arzusu olub. Normal olmayan ona müəyyən yönləndirici, təşkilatlandırıcı effektiv inkişaf mexanizmlərinin tətbiq edilməməsidir. Belə basabasda aidiyyəti qurumların əsas vəzifəsi istedadı istedadsızlıqdan ayırmaq olmalıdır. Bizim mədəniyyət sektorunda bu gün çox şeylərin yenidən qurulmasına ehtiyac var. Mədəniyyətin birinci vəzifəsi yeni insanın yetişdirilməsi, birinci sütunu istedaddır. İstedada qayğı və diqqət olsa, yeni insanın yetişdirilməsi asanlaşar.

- Siz konkret Mədəniyyət Nazirliyini, Yazıçılar Birliyini və aidiyyəti başqa idarələri nəzərdə tutursunuz?

- Bu sual artıqdır. Mən istedaddan danışıram. Azərbaycanda istedadlı olmaq, təəssüf ki, bir az təhlükəlidir.

- Bizim ədəbi aləmdə istedadlar çoxdurmu?

- Məncə, elə də çox deyil. Bütün rəflər kitabla doludur: orijinal, tərcümə ədəbiyyatı gözəl-gözəl cildlərdə təqdim edilir. Maraq üçün götürüb iki səhifə oxuyursan və görürsən ki, ya metafizik naturalizmdir, ya da yazıçı missiyası dərk edilməyib...

- Sizcə, Azərbaycan siyasi elitasında necə, istedadlı adamlar varmı?

- Ümumiyyətlə, götürəndə Azərbaycan xalqı istedadlı xalqdır. Bu xalqın gözü həmişə açıq olub, qulağı eşidib, əl-ayağı işləyib. Dediyiniz zümrədə də yəqin ki, istedadlı adamlar var. Ancaq mən son 30 ildə çox fiqurların mənəvi reveranslarını gördüyüm üçün indi onlarla az maraqlanıram. Sovet nomenklaturası olan deputatların Milli Məclis qapılarında kütlə tərəfindən necə döyüldüyünü, asıb-kəsmiş məmurların miskinliyini, tanınmış qoca yazıçının parkda necə fiziki təhqirə məruz qaldığını, hətta ictimai yerdə yaxşı söyüş söydüyünə görə mükafatlanan nadürüst adamları da görmüşəm. Ona görə bu zümrənin mənəvi kodları mənə bir qədər tanışdır. “Elita” sözünü, rəhmətlik Sirus Təbrizlinin sözü olmasın, qorumağa, müdafiə etməyə ehtiyac var.

- Yaradıcı adamların müasir siyasətdə təmsilçiliyinə münasibətiniz necədir?

- Mən özüm də vaxtilə siyasi komandada təmsil olunmuşam. Bu, məcburiyyətdən doğan bir addım idi və tarixçəsi belədir ki, Azərbaycanda sovet rejimi ilə mübarizə aparmağa çalışan bir qrup ziyalıya ictimai dəstək o zaman yox idi. Mən ötən əsrin 80-ci illərinin ikinci yarısını nəzərdə tuturam. Moskvadan təzə gəlmişdim, sovet rejimin yaratdığı milli korafəhmliyə rəğbətim yox idi. Yeri gəldikcə öz yazılarımda onu tənqid edirdim. Milli azadlıq hərəkatına qoşuldum və ömrümün, yaradıcılıq həyatımın 10 ilə qədərini ona verdim.

İndi Azərbaycanda siyasi mənsubiyyət və siyasi mövqe az qala hər bir şəxsə öncədən tətbiq olunan qiymət barometridir. Mən siyasi mübarizənin anatomiyasına az-çox bələdəm və sərt qütbləşmənin deyil, qarşılıqlı anlaşmanın, Azərbaycan naminə birgə əməkdaşlığın tərəfdarıyam. Ölkəyə aid böyük siyasətdə, o cümlədən daxili münasibətlərin tənzimlənməsində hər şeyi sıfırdan başlamaq olmaz.

- Siyasi fəaliyyətə qayıtmaq istərdinizmi?

Yox, qayıtmaq istəməzdim. Yazdığım bədii mətnlər mənim siyasətimdir. Bu siyasətin başlıca amillərindən biri səmimiyyətdir, özünlə tutaşmaqdır. Dediyiniz o biri siyasətdə bunların əksidir.

- Azərbaycan işğal altında olan torpaqlarının böyük hissəsini azad etdi. Necə düşünürsünüz, Azərbaycanın müharibələri həqiqətən bitdimi?

- Ali Baş komandan cənab İlham Əliyev bu müharibədəki qələbə ilə həqiqətən öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. O, Azərbaycan ətrafında böyük regional güc mərkəzinin formalaşmasına nail oldu.

Məncə, qələbəmizin bir vacib amili də işğalçı düşmənə qarşı Azərbaycan xalqının, onun övladlarının ürəyində 27 il qövr edən torpaq, vətən həsrəti, qaçqınlıq, köçkünlük yarası, bir sözlə, düşmənlərimizə nifrət hissi idi. Ölməz Mübariz İbrahimov əfsanəsi, 18 yaşlı Cəbrayıl Dövlətzadənin səngərdə erməni generalını əllərilə boğması, düşmənin boğazında şah damarı əsgərimizin dişlə parçalaması, xüsusi təyinatlılarımızın sıldırım qayalara dırmaşaraq Şuşanı qəhrəmancasına alması və başqa belə misilsiz şücaətlər o böyük nifrətin təzahürü idi. Onun qarşısında erməni də, o biri düşmənlər də aciz qalaraq qaçdılar.

Bizim müharibələrimiz, təəssüf ki, hələ bitməyib. Düşmənlərimiz yerindədir, erməni revanşa hazırlaşır, ona açıq-aşkar dəstək verənlər də var. Ona görə dövlətimizin və ordumuzun daim ayaqda olması üçün əlimizdən gələni etməliyik. Bizim həm fərd, həm də toplum olaraq içimizdə pis nə varsa, hamısı 200 illik Rusiya müstəmləkəçiliyinin nəticəsidir. İşğala son qoyulandan, onun nəticələri aradan qaldırılandan sonra yəqin ki, ölkəmizin daxili ziddiyyətləri də öz həllini tapacaq. Məncə, bu vəzifələrin yerinə yetirilməsində ədəbiyyatımız misilsiz işlər görə bilər.

- Bu yaxınlarda “Sifət möcüzələri” adlı yeni povestiniz “Kulis.az” saytında, “Azərbaycan” jurnalında yayımlandı. Oxucuya nə demək istəmisiniz bu povestinizdə?

- Povest həyat və ölüm haqqındadır. Orada bir neçə müxtəlif səbəbli ölüm faktı təsvir edilib. Onlar həm fiziki, həm də hadisələrin gərginliyindən baş verən yüksək mənəviyyat ölümü hadisələridir. Əslində, vacib cəhət nəyin baş verməsi yox, nəyin necə baş verməsidir. Onları yazmağa çalışmışam. Mən yaşımın oxucuya nəsə demək həvəsilə qələmə sarılan dövrünü çoxdan keçmişəm. İndi mənim üçün əsas məsələ özümün özümə dediklərim və demək istədiklərimdir. Özümə dediklərimdən çıxardığım nəticələr məni sevindirmir. Biz həyat və yaradıcılığımızla sanki məlum məğlubiyyət həqiqətini özümüzə bir daha sübut edirik. Folknerin insan missiyasına aid məşhur kəlamını xatırlatmaq istərdim: "İnsana qalib olmaq imkanı verilməyib. Hətta döyüşmək şansı da verilməyib. Döyüş meydanında yalnız öz ağılsızlığını və axmaqlığını dərk etmək imkanı verilib. Qələbə isə filosofların və dəlilərin illüziyasıdır".

- Bunu necə izah etmək olar? Axı insan bütün həyatı boyu yaşamaq nələrinsə, kimlərinsə üzərində qələbə çalmaq uğrunda çarpışır, vuruşur. Bu yolda padşah olur, nökər olur, səfil olur və sair.

- Bəli, elədir. Məsələn, Sultan Mehmet Fateh. İstanbulu aldı, düşməni basdı, təslim olmayanları öldürdü, asdı, kəsdi, türk millətinə belə bir tarixi qələbənin sevincini yaşatdı. Bu gün də yaşatmaqda davam edir. Sonda nə oldu? Sultan bu dünyada, aldığı şəhərdə heç 50 il də yaşamadı, öldü və öz təbəələri bir yana, basdığı məmləkətin ən yararsız adamı ilə, necə deyərlər, eyni statusda eyni dərgaha qovuşdu. Orada nə baş verdiyini bilmək insana qismət edilməyib. Bildiklərimiz yalnız ehtimaldır. Ona görə Ələsgər babamız Güləndama elə deyirdi.

- Bəs, yaşayan nədir?

- Mənə elə gəlir ki, yaşayan yalnız filosofların dediyidir.

# 3228 dəfə oxunub

Müəllifin son yazıları

# # #