“İlk dəfədir ağlaya-ağlaya gülürəm, danışa-danışa susuram.”
Kulis.az xəbər verir ki, bu fikri əslən Zəngilan şəhərindən olan tanınmış aktyor Bəhruz Vaqifoğlu bildirib. O Zəngilanın işğaldan azad olunması xəbərinə bu sözlərlə reaksiya verib:
"İlk dəfədir özümə sahib çıxa bilmirəm. İlk dəfədir ağlaya-ağlaya gülürəm, danışa-danışa susuram. İlk dəfədir nəfəsim tikə kimi ilişib qalır boğazımda. İlk dəfədir gözlərimin bu qədər yol çəkdiyini görürəm. İlk dəfədir bir yaranın 30 illik qaysağının qanadığın görürəm. Sanki hər şey, hər şey ilk dəfədir... Budaqdan asılmış son payız yarpağı qədər kövrək, son ümid qədər saf, Tanrı qədər tək, Peyğəmbər qədər müqəddəs hiss edirəm özümü. İlk dəfədir bu qədər sevirəm. İlk dəfədir bu qədər qürur duyuram. İlk dəfədir bu qədər dua edirəm. İlk dəfədir var olduğumu hiss edirəm. Bütün hislərim, bütün varlığım alıb aparır məni. Çöl düzündə, gün altında yuxu görər kimiyəm. Yarı diri, yarı ölü kimiyəm. Mən özündə olmayan, sahibsiz ruh kimiyəm. İlk dəfədir özümə sahib çıxa bilmirəm.”
Qeyd edək ki, bu gün Azərbaycanın şanlı ordusu Zəngilanı erməni işğalından azad edib.
Xatırladaq ki, Zəngilan şəhəri 1993-cü il oktyabr ayının 29-da Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşub.