Səhər Əhməd: “Dostlarımın da, düşmənlərimin də cinsi yoxdur” – Müsahibə

Səhər Əhməd: “Dostlarımın da, düşmənlərimin də cinsi yoxdur” – Müsahibə
14 may 2020
# 13:44

Kulis.az “Səni deyirlər” layihəsindən şair-publisist Səhər Əhmədlə müsahibəni təqdim edir.

- Səhər, son vaxtlar xeyli sərt görünürsən. Sosial şəbəkələrdə və yazılarda da bəzən hirsləndiyini müşahidə edirik...

- Düzdü, əvvəllər hamıyla xoşgörülü davranmağa səbrim çatırdı. Son vaxtlar düşünürəm ki, artıq hamının nazıyla oynayıb vaxt itirməyə dəyməz. Qaydanı pozana sarı kartı (bəzən qırmızı) göstərib keçməlisən. Yəqin, ogünkü statusumu nəzərdə tutursan . Baxın, mən dilçiyəm, filoloji təhsili, 18 illik müəllimlik təcrübəsini kənara qoyaq. Uzun illər çox ciddi şəkildə repetitorluqla məşğul olmuşam, abituriyentlərlə işləmişəm. Bu isə o deməkdi ki, mən ixtisasımı cikindən-bikinə bilirəm. Yaradıcılıqda da üslub mənimçün ən birinci şərtdir. İndi bir nəfər mənim şerimi trend etmək məqsədilə paylaşıb. Kimsə də altından yazıb ki, burda dil qanunları pozulub, mənsubiyyət şəkilçisi yeyilib və s. Mən haqlı irada heç vaxt qıcıq olmaram. Amma hal şəkilçisini mənsubiyyət şəkilçisi hesab edən biri gəlib mənə dərs keçir və sonradan bilmişəm ki, adam filoloqdur və qat-qat da zəif şeirlər yazır. Bunu müzakirəyə çıxardım. Peşman deyiləm. Bu, şəxsi qəzəb deyil, bu, neqativ hallarla mübarizə üsuludur. Mən həmişə, bütün vəziyyətlərdə həqiqətin yanında olmağa çalışacam. Bəlkə, maksimalizmdir. Olsun.

- Deyəsən, müəllim peşəsini o qədər də sevmirsən...

- Kim deyir, peşəmi sevmirəm? Mən sadəcə, rutin həyatı sevmirəm. Yaradıcı insan azad olmalıdır, məktəb isə yaradıcı düşüncəsi olan adama məhbəsdir. Hələ mən çox dözdüm.

- Son vaxtlar efirdə gördük səni. Aparıcılıq etmək, tanınmış bir şairə, bir müəllim üçün çoxmu çətindir?

- Yox, əksinə. Düzdü, mənim yatsam yuxuma girməzdi ki, nə vaxtsa aparıcı olacam. Amma sonradan anladım ki, mənə çox yaxındı bu sahə. Həm müəllim kimi, həm yazıçı kimi özümü ifadə edirəm, düşündürən mövzular qoyuruq, maarifləndirici çağırışlar edirik, bu, daha birbaşa mübarizədir. Nəyi pisdir ki?!

- Elçin Əlibəyli kaprizli şəxs kimi tanınır. Necə dolanırsız?

- Mənim insanlara yanaşmam başqadır. İnsanı daha çox məqsədlərinə görə, intellektinə, mahiyyətinə, düşüncəsinə görə qiymətləndirirəm. Bu baxımdan Elçin müəllimə hörmətim və rəğbətim var, məncə, həmişə də olacaq. Kaprizlərini də anlayıram. Axı o da öz yerində deyil, öz qiymətini almayıb. Ömrünü televiziyaya həsr edib, qazandığı nə olub? Hansısa dünyadan xəbəri olmayan adamların dedi-qodusu... Mənim də kaprizlərim var. Odur ki, yaxşı yola getmirik, demək olar. Amma çəkilişdən əvvəl bir-birimizi qırsaq belə çəkiliş zamanı qeyri-ixtiyarı bir cəbhədə birləşirik. Eyni reaksiya verir, bəzən eyni anda eyni cavabı deyirik. Mənimçün insanların eyni səngərdə dayanması önəmlidir, həqiqətin yanında olması, hadisələrə münasibəti, demokratikliyi, sənəti duyması. Şəxsi kaprizlər elə də rol oynamır.

- Şəxsi həyatınla bağlı nə deyə bilərsən? Təklik, sevgidən uzaqlıq... Belə tanıyırlar səni daha çox. Doğrudurmu?

- Özümü lap ulduz kimi hiss elədim, elə də cavab verim; özəl həyat mənim yalnız özümə aiddir, sərhədlərinin keşiyində durduğum müqəddəs ərazidir.

- Amma feminist də deyilsən...

- Mən humanistəm və düşünürəm ki, bu cümlənin izaha ehtiyacı yoxdur.

- Kişilər kimdir sənin üçün?

- Mənim kitabımda insanlar bircə təsnifatla ikicə yerə bölünür: insanlar və yarım insanlar. Mənim nə dostlarımın, nə düşmənlərimin cinsi yoxdur.

- Səni Ramiz Rövşən, Salam Sarvan ənənəsinə xas şair hesab edirlər. Səncə bu bölgü doğrudurmu?

- Bəli.

- Ad gününü qeyd edəcəksən?

- Çox sadə şəkildə. Balalarımla.

- Ad günü, karantin, şeir... Yaxın anlayışlardır. Nə yazırsan?

- İndicə Fərqanə Mehdinin ölümünə yazdığım yazını bitirdim. Neçə vaxtdır, ürəyimdən daş kimi asılmışdı. Bu günlərdə bir hekayə yazmışam. Daha çox isə şeir yazıram və son vaxtlar şeir mənim üçün öz-özünə mahnı oxumaq kimi, zümzümə etmək kimi, nəsə pıçıldamaq kimi bir vərdişə çevrilib. Sanki şeir şəklində düşünürəm.

- Nə oxuyursan?

- Karantin dövründə Kazuo İşiquronun “Məni əsla buraxma” və Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanlarını oxudum. Mütaliə vərdişim son dövrlər çox pis pozulub, facebook mənfi təsir edir, çarəsinə baxacam.

- Son dövrlər ədəbiyyatlımızdan sevib-seçdiyiniz imzalar kimlərdir?

- Bu sualdan həmişə qaçıram. Amma tam səmimi olmağımı istəsəniz, on iki yaşlı bir qızcığazı izləyirəm son vaxtlar. Göndərdiyi hər şerində heyrətləndirir məni. Və mən bir daha anladım ki, istedad tamam fərqli bir şeydir. Sevgi kimi - ya olmur, ya ölmür.

- Sonda bir daha ad gününü təbrik edirik! Dünyaya gəlməyə peşman deyilsən ki? Məşhur şeirin bəlkə poetik manevrdir. Söhbət “Qoyub gedəsən bu ömrü” misrası ilə başlanan şeirdən gedir.

- Təşəkkür edirəm. Bəli, poetik manevrdir, “Aldanma ki şair sözü əlbəttə yalandır”. O şeir gəncliyin ərköyünlüyüdür. Gənc olanda insan həyatına da ərklə naz edir. Amma bu yaşda mən hər qəpiyinin qədrini bilən xəsis insan kimi hər günümün qədrini bilmək istəyirəm. Nə çox səfalət, nə çox dəbdəbə, orta şəkərli bir ömür. Nə tənhalıq, nə qələbəlik. Qızıl orta. Nə eyforiya, nə möcüzə gözləntisi, nə xəyal qırıqlığı. Hüzur və yenə də hüzur.

# 2369 dəfə oxunub

Müəllifin son yazıları

# # #