İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı

İlk dəfə bu ifadəni işlədirəm... - Məşhurlar Qarabağ döyüşündən danışdı
29 sentyabr 2020
# 15:06

Məlum olduğu kimi sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qızğın döyüşlər gedir. Artıq bir neçə ərazimizin düşmən tapdağından azad olunması ilə bağlı rəsmi məlumat verilib.Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimləri mövcud vəziyyətlə bağlı fikirlərini Kulis.az-la bölüşüb.

Xalq artisti Fərhad Bədəlbəyli:

Mən çox təəccüb edirəm ki, cəmiyyətimiz bu günləri olduqca soyuqqanlı qəbul edir. Çünki biz emosional xalqıq. Bu xüsusiyyətimiz 90-cı illərdə mənfi rol oynadı. İndi bizim ordumuz da çox möhkəmdir və cəmiyyətdə əhval-ruhiyyə çox yüksəkdir. Mən inanıram ki, bu günlər ərzində xoş xəbərlər eşidəcəyik Əvvəlcədən demək istəmirəm, sadəcə gözləyək. Bütün sənət adamlarından xahiş edirəm, aktiv olsunlar, səslərini yüksəltsinlər. Xüsusilə, məətəl qalıram, niyə ziyalılarımız belə məqamlarda susurlar? Bu yaxınlarda Şahnazarov çıxış edib deyirdi Qarabağ bizə qalacaq. Ona heç kim etiraz etmədi. Bu gün bütün azərbaycanlılar bir yumruq kimi olmalıdır. Dünyanın bütün ölkələrindəki azərbaycanlılar məhz bu gündə birləşib dünya ictimaiyyətinin diqqətini bu proseslərə yönəltməlidir. Mən inanıram ki, Qarabağ bizim olacaq.

Xalq artisti Oqtay Mirqasımov:

“Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən gənc əsgərlər, komandirlər bizim ürəyimizdə özlərinə yer salıblar. Təbii ki, döyüşlərdə həlak olan gənclərimizə görə kədərliyik. Bunu da anlayırıq ki, müharibə itkisiz ola bilməz. Eyni zamanda ürəyim dağa dönür. Yaradıcılığımda da - “Ovsunçu”, “Günaydın mələyim” filmlərində, yeni yazdığım ssenaridə həmən hisslər ön planda idi. Buna görə də mən bu mövzunun canlı reallığını görürəm. Bu gün nəhayət gəlib çatdı. Biz bu günü uzun zamanlar gözləyirdik. İçimizdə narahatlıq var idi. Həmişə düşünürəm, biz düşmənlə eyni vəziyyətdə deyilik. Bizim savaşımız haqdır. Hazırda ermənilər bizə məxsus torpaqlardan qaçırlar, dünyaya səpələnirlər. Çünki o torpaqlar onları qəbul etmir. Bu torpaq öz gücü, öz doğmalığı ilə bizi özünə çəkir. Qələbənin çox uzaqda olmadığına inanıram.

Gallery

Bəsti Cəfərova:

“Əlbəttə ki, mən də çox sevincliyəm, qürurluyam. Əsgərlərimizə onsuz da çox böyük inamım var idi və bu gün də inanıram. Bütün rəsmi məlumatları televiziyadan alıram. Çox güvənirəm Azərbaycan əsgərinə. İndiki döyüş bölgələrində vuruşan gənclərimizin çoxu 90-cı ildən sonra dünyaya gəliblər. Amma onların genlərində Qarabağ ağrısı var ki, belə əzmlə vuruşurlar. İnşallah Qarabağın işğaldan xilas olunması xəbərini alacağıq”

Əməkdar artist Sənubər İskəndərli:

“İnanın ki, hər interneti açanda, xəbərlərə baxanda yeni xəbər anonsunu eşidəndə ürəyim əsir. Yuxularımız ərşə çəkilib. Şəhid analarına sözüm yalnız bu ola bilər ki, Allah səbr versin. Hamımız xalq olaraq şəhidlərimizə can borcumuz var. Bu çox qəribə bir hissdir. Ölkədə hərbi vəziyyət elan olub. Biz bu vəziyyəti 90-cı ildə görmüşük. Amma onda ab-hava başqa idi. İndi biz hər şeyə hazırıq. Nə olur olsun, təki torpaqlarımız azad olunsun. Qələbə sevinci hər şeyə dəyər. Ona görə də dözməliyik, səbirli olmalıyıq. Allah əsgərlərimizi, vətənimizi, millətimizi qorusun”

Xalq artisti Möhlət Müslümov:

“Biz hazırda 30 ildir arzuladığımız günləri yaşayırıq. Mənfur qonşuların bivec hərəkətləri bizim torpaqlarımızda ərazi iddiası, bizə qarşı öz torpaqlarımıza görə müharibə elan etməsi mənə çox ağır gəlirdi. Çox sevincliyəm fərəh hissləri keçirirəm. Mən o torpaqları qarış-qarış gəzmişəm, el şənliklərində olmuşam. Sevincimin həddi-hüdudu yoxdur.

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev:

“Qarışıq hisslər keçirirəm...Şəhidlərimizə acıyıram, kədərlənirəm, azad olunmuş torpaqlarımıza sevinirəm. Ümid heç vaxt bitməz... Bu dəfə, məncə daha böyük qüvvə ilə hücum edir Azərbaycan, inşallah torpaqlar azad olunar. Amma, dayanmasalar...”

Xalq artisti Aygün Kazımova:

“Mən yalnız xoşbəxtlik hissləri keçirirəm. 30 il həsrətində olduğumuz xoşbəxtlik hissləridir bu. Allah əsgərlərimizi qorusun. Şəhidlərimizin yeri cənnət olsun. Ali Baş Komandanımıza güc, qüvvət, səbr, can sağlığı versin Allah. Biz hər zaman ordumuzun və prezidentimizin yanındayıq.

Gallery

Xalq artisti Brilliant Dadaşova:

Biz ölkə başçımızın siyasətinə inanırıq. O çox güclü diplomatik biliklərə malik bir siyasətçidir. Bəzi ölkələr hazırda bizə atəşkəs elan etmək üçün çağırış edirlər. Amma mən belə hesab edirəm ki, cənab prezidentimiz özü lazım bilsə, bu savaşı dayandıracaq. Amma istənilən halda biz öz torpaqlarımız uğrunda döyüşürük. Biz, əlimizdən zorla alınana ata-baba yurdumuzu geri almaq üçün döyüşürük. 1988-ci ildə Topxana meşəsi dağıdılanda mən universitetdə oxuyurdum. Azərbaycanda erməni əsilli qonşularımız çox idi və gözləmirdik ki, onlar bizim Topxana meşəmizi dağıdarlar. Bu artıq bizə ilk hücum idi. Ulu öndərimiz hakimiyyətə gələndə Azərbaycan gücdən düşmüş bir ölkə idi. Torpaqları əlindən alınmış, daxili və xarici düşmənlər tərəfindən sarılmış bir ölkəyə lider gəlmişdi və o həmin dövrdə məcbur idi ki, atəşkəs elan etsin. Bu atəşkəs bu gün güclü ordumuzun formalaşması üçün idi. Ordumuz güclənsin, təlimlər keçsin deyə idi. Bu günkü gün Heydər Əliyevin uzaqgörənliyi idi. Biz torpaqlarımızı azad etməliyik. 27 ildir o torpaqlar işğaldan azad olunmasını gözləyir. Və o gün bu gündür. Mən inanıram ki, bu haqlı savaşımız ordumuzun qələbəsi ilə başa çatacaq.

Gallery

Rejissor Mehriban Ələkbərzadə:

“Bu gün yaşadığımız hisslər elə hisdir ki, bunu dillə ifadə etmək mümkün deyil. Genetik olaraq bizim qanımızda, canımızda bağışlamaq istəyi var. Ancaq bu gün biz genetikadan da imtina edərik, təki nəyin bahasına olur, olsun qələbəni qazanaq. Allah bizə imkan versin ki, biz nəhayət ki, bayrağımızı Şuşaya, iyirmi faiz işğalda olan torpaqlarımıza sanca bilək. İlk dəfədir ki, bu ifadəni işlədirəm. Amma bu gün mən cənab ali baş komandanın mütləq bir əsgəriyəm”.

# 2188 dəfə oxunub

Müəllifin son yazıları

# # #