Cəlil Cavanşir: "İki aydır ipoteka borcumu ödəyə bilmirəm"

Cəlil Cavanşir:  "İki aydır ipoteka borcumu ödəyə bilmirəm"
19 oktyabr 2023
# 13:56

Kulis.az Cəlil Cavanşirin sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir.

Yaxın durun, qanınızı qaraldım. Ancaq bəri başdan xahiş edirəm, üzürlü sayın.

Uşaqlıqda öz otağımın, kitabxanamın olmasını arzu edirdim. İkiotaqlı evimizdə belə bir şansım olmadığı üçün daim kitablarımı götürüb pəncərənin bir küncünə qısılırdım. Axşamlar da neft lampasının işığında gözümü kitablara dikib xəyallar qururdum. Bir gün öz otağım olacaqdı...

Sonrakı illərim də bu xəyallarla keçdi. Mədrəsədə, əsgərlikdə, sonra yenə mədrəsədə yataqxanalarda yaşadım. Amma xəyal qurmağa da davam etdim. Sonra da tələbəlik illəri... Kirayələr, kirayələr...

Evləndim, kirayələr... boşandım, kirayələr...Qardaşların evi, dostların evi, kirayələr...

37 yaşımda dövlətin kirayəçisi oldum. Ev aldım dedim, amma bu ev almaq deyil. Məsələn, iki aydır ipoteka borcumu ödəyə bilmirəm, bu ayın sonu dövlətlə aramızdakı müqaviləyə görə evi səssiz-səmirsiz dövlətə verib çıxacam. Bunu artıq dərd eləmirəm. Hətta umrumda deyil.

Bəli, uşaqlıq arzum qismən gerçəkləşdi. İki ilə yaxındır dövlətin kirayəçisiyəm(kirayə mənzillər layihəsi). Arzuladığım kimi bir otaqlı, kitablı, iş masam olan, kofeli, sərbəst yaşadığım, qapısını özüm açıb-qapadığım bir evim var. Hələ 10-15 gün də olacaq. Bəlkə bir müddət bir yolunu tapıb, qalacam. Amma gec tez çıxaracaqlar, bunu hiss edirəm. Çəkdiyim xərc, aldığım borclar, kredit də qalacaq belimdə. Buna görə üzülmürəm. Nə təsəlliyə, nə köməyə ehtiyacım yoxdur. Bu mənim reallığımdır. Bununla barışmışam. Çətin olsa da, qəbul etmişəm.

Sevincim, fərəhəm çox qısa çəkdi. Evi qurmaq için borca, kreditə girdim. Dayadım-döşədim, - "o da olsun, bu da olsun" arzusuyla özümü saldım borc bataqlığına...

Nə isə...

Yavaş-yavaş dost məclislərindən qaçmağa, dostlarla görüşləri seyrəkləşdirməyə başladım. Əvvəl bərbərə hər həftə gedirdim, indi ayda bir dəfə. Əvvəl hər həftə övladlarımla görüşə qaçırdım, hər gün ən az bir saat danışırdıq, indi iki aydır görüşə bilmirik, ara-sıra onların vaxtı olanda danışırıq. Əvvəl hər ay paltar alırdım, hər 3 aydan bir göz həkiminə gedib eynəyimi dəyişirdim. İndi bunları da unutmuşam. Asosiallaşdım, özümə qapandım. Dərin bir bataqlıq çəkdi məni içinə.

Əvvəlkindən çox işləyirəm, amma faydalı nəticə yoxdur. Əvvəlkindən çox qazanıram, amma yetmir. Öz işimi qurmağa çalışdım, çabaladım olmadı. Banklar xaric bütün borclarım toxunulmaz qalıb, insafən heç kəs sıxışdırmır, amma mən nəfəs ala bilmirəm. Necə qaytaracağımı da bilmirəm. Maaş, qonorar uzağı yarım gün cibimdə qalır.

Borc istəməyə nə üzüm var, nə də borc verəcək adamım. Artıq borca ehtiyac da yoxdur. Borc alıb başqa bir borcu qaytarmaq da gülməli vəziyyətdir. Ən nifrət etdiyim durumdayam. Dost-tanışdan, qohumlardan, hətta doğmalarımdan da qaçıram...

Sən demə borcsuz, kreditsiz yaşamaq uşaqlıq arzularımdan daha gözəlmiş, dəyərini bilməmişəm.

Üstəlik təkliyə qaçışımla, tənhalığı komfort bilməyimlə yıxmışam evimi...

Heç kəsə bunu danışmaq gücüm yoxdur. Ara-sıra dostları görəndə də yalandan gülürəm. İşdən çıxan kimi qaçıram evə, qapı-bacanı bağlayıb qapılıram özümə.

Heyf erkən qocaldım. Tək adamın öhdəsindən gələ bilməyəcəyi xəstəliklərlə boğuşuram. Psixoloji çöküş yaşayıram.

Hər gün iki duyğu arasında gedib-gəlirəm. Özümü asıb xilas olmaq, ya da hər şeyi yoluna qoymaq üçün çalışmaq...

Ailəmin, övladlarımın mənə ehtiyacı olduğunu düşünməsəm asanlıqla intihar edə bilərəm. Uğursuz intihar cəhdlərim yadıma düşür, yenə bacarmayacağımdan qorxuram. Amma bu mümkün deyil. Açığı yaşlandıqca ölümdən dəhşətli dərəcədə qorxuram. Bir də yazmaq istədiyim çox şey var. Heç kəsə lazım olmasa da, özüm üçün bunları etmək istəyirəm.

Və artıq təkliyə də, tənhalığa da nifrət edirəm. O səs-küylü evimiz üçün darıxıram. Övladlarımın səs-küyü, şıltaqlığı üçün burnumun ucu göynəyir. Xəstələnəndə anama etdiyim ərköyünlüklər düşür yadıma. Hər günüm stress, gərginlik içində keçir...

Bu gün qəfil ürəyim sancdı, yataqdan mətbəxə qədər dərman üçün iməklədim. Başa düşdüm ki, tənhalıq öldürmür, süründürür

Xülasə...

Bunu yazmaqda məqsədim deyinmək, kefinizi pozmaq deyil. Hər şeyi bir yolunu tapıb həll etmək üçün güc tapacam. Sadəcə bu vəziyyətə düşməmək üçün xırda nümunələr göstərdim.
-İpotekaya ev almayın
-Kredit götürməyin
-Ac qalsanız da borc almayın
-Heç vaxt təkliyə, tənhalığa meyl etməyin.
-Yaşınız keçmədən evlənin. Boşanmısınızsa, bir daha evlənin, ən azından evinizi paylaşacağınız, həyatı müştərək yaşaya biləcəyiniz biri olsun.

Son olaraq, mənə də fikir verməyin. Bu gedişlə ya bomj olaram, ya da ən yaxşı ehtimalla düşərəm dəlixanaya

Evi dövlətə qaytarmağa könlüm razı deyil. Boş yerə pulum batacaq. Aylıq ödəniş qayğısı olmayan, ev almağa imkanı olan, bir otaqlı ev istəyən bir imkanlı şəxs olsa, əşyalarla birlikdə onun adına keçirə bilərəm, sata bilərəm. Sadəcə çəkdiyim xərcləri ödəmək şərti ilə. Mənim əsas kabusum borc və kreditdir. Evi satsam onlar bitər.

İpoteka fondunun saytında kirayə mənzillərlə bağlı şərtlər var. Olmasa da can sağlığı.

# 4364 dəfə oxunub

Müəllifin son yazıları

# # #