Mayın 19-u Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB), AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar keçirilib.
Kulis.az xəbər verir ki, seminarı Ədəbiyyat İnstitunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik çıxışında çağdaş ədəbiyyatın, eləcə də nəşriyyatların qarşılaşdıqları əsas problemlərdən, kitabçılıqdakı çatışmazlıqlardan, eyni zamanda müsbət tendensiyalardan söz açıb.
ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxışında seminarda toxunulacaq mövzular barədə məlumat verib, ədəbiyyatşünaslığın, dilçiliyin qarşısında dayanan vacib problemlərdən və onların həlli yollarından danışıb.
Daha sonra “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov “Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar”, şair, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid “Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?”, ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli “Çağdaş kitabçılıqda və ədəbi nəşrlərdə redaktə məsələləri” adlı məruzələrini təqdim edib, qoyduqları problemlərdən çıxış yollarını göstəriblər.
Tədbir sual-cavab və müzakirə formatında davam edib.