Burda axşam-səhər 20 Yanvardı - Xosrov Natilin şeirləri

Burda axşam-səhər 20 Yanvardı - Xosrov Natilin şeirləri
8 dekabr 2023
# 13:30

Kulis.az Xosrov Natilin yeni şeirlərini təqdim edir.

Ən uzun küçədi Təbriz küçəsi ...

Evimizi söküblər, dünya vecimə deyil,
qeydiyyatsız yaşadım onsuz da yer üzündə
tanrının çiçəyi çırtdasın qoy
tək qalmayacaq
göydələn tikəcəklər bizim evin yerində.

Kirədə yaşayıram indi
aylığını ödəyir evi tikən adamlar
kirayədə yaşayıram
Qara qarayev ünvanlı göyün 10-cu qatında
(İnfallı bir kişinin mənzilində qalıram).
Yaxşı pivə verirlər həmin evin altında.
...
Gündəyməz binalar tikilir bu şəhərdə
Biri o birinin günüsü, gözü kölgəli.
Biri tək bloklu, tək otaqlıdı
biri gövdəli, çoxotaqlıdı
Üz çəkib üzünə biri mərməri,
o biri alt qatında reklam şitləri
kəsiblər yolumuzu
hələ də arsız arsız
üzr istəyirlər, müvəqqəti
narahatçılığa görə.
...
Bir yanı “Qarabağ”,
Şəhid küçəsi
Bir yanı Şuşa pavliyonu – restoranları və
Bir yanı Yaşıl bazar – örtülü bazar
od tutub yanar
bir yanı vağzala yavıq dükanlar.
...
Bu gecə oğlumun
evdən küsən gecəsi
sökülən evimizin

qız küçəsi-
gəlin köçəsiydi,
bu küçə bir igid, bəy küçəsiydi.

sökülən evimizin
yalqız küçəsidi –Təbriz küçəsi
bir ömrün xatirə külçəsidi -Təbriz küçəsi

bu küçə oğlumun
evdən gedən küçəsidi
vətənsiz neçə ömrün -
ili otuz küçəsi-
Ən uzun küçədi Təbriz küçəsi.
...
***

Təqaüdə çıxdı “yorğun” küçəmiz.
Uşaqdan böyüyə susduq hərəmiz.
Bir az qələbəlik yaşandı, düzü.
Uçqunlar altında itdi izimiz.

Gözü götürmədi şəhrin meri
Söyüb- söyləndilər hər addım başı.
Dedilər hökmünü verib baksavet
Dedilər çatıbdı pensiya yaşı.

Hələ yaşıl idi bar ağacları
Hələ mehribandı məhlə adamı
Hələ təzə idi işıqforları
Canısulu idi doqqazı, damı.

Neçə qapı çıxdı, neçə pəncərə
Söküldü, dağıldı kitab rəfləri.
Neçə “tabut” çıxdı bizim küçədən
Dəfn etdik nə qədər xatirələri.

Toz duman içində nəfəs kəsildi
Sabahsız, havasız deyib boğulduq.
Açıb kitab kimi ötən günləri
Xatirə dalınca qaçıb yorulduq.

Sökdülər, tökdülər daş divarını,
Sökdülər, sökdülər hər bir zadını.
Daşının üstünə daş qoymadılar-
Sökdülər küçənin “Təbriz” adını

Qırıldı-çatıldı tut ağacları
Üzüldü eyvandan üzüm tənəyi.
Torların içində qurd qaynaşırdı -
töküldü “amerika ağ kəpənəyi”.

Çəkildi küçədən ayaq izləri,
uçuldu dağıldı qırı,damın da
Boynunda yüzillik minnəti qaldı
Göydə ulduzların, göydə ayın da...


***

Məzar yeri tükənib qəbir qazmağa yer yox
Fəxri adlar çoxalıb,
fəxri xiyaban qısa,
şəhərimiz kiçilib
Sıxlaşıb dar küçələr
səkiyə sığınıb avto mobillər.

“Qurd qapısı”nda qurd uluyur
Qurd düşüb intellekt sıralarına,
Ölür sənət adamı – ölür səhnədə qullar
ölür ranqlı zabitlər,
məzarına sığmayan ölür igid oğullar.
ölüm sükutunun qara lentləri gözə dəyir hər yerdə

Canavar ağzından qurtulub torpaq, ta ki
üstündə güllər açıb - oleandr kolları.
Kafelərdə, restoranlarda Matəm marşı səslənir:
-Quyruqlu uduzlar axır gecələr
Ay da ilan kimidi sürünür göydə
Mələklər qısılıb bulud selinə.

“Qurd qapısı” kilidli
Qurd qapısı kilidli .

***

Hərdən bu şəhərdə ağac kəsilir...
Kəsirlər iliyinə kimi ekzotik bitkiləri,
Sökürlər könə əyri tikililəri

Hovuzlar sökülür balıqların məhbəs yeriymiş,
İstixana, parniklər güllərə qəfəs imiş.

sökürlər istismar müddəti bitmiş alimlərin beynini,
dəfn edirlər Linneyin, Lamarkın, Qrossqeymin elmini

nadir nəsli kəsilmiş soğanaqlar kəsilir,
neçə qələm vurulmuş qızılgüllər, kəsilir.
neçə Kağız ağacı
Neçə Lələk ağacı
Çiyələk ağacı -
Maritim çiçəklərin susuzluq əlacı
Neçə dəmirağacı,
sökülür

Qapanır “yaşıl kitab”
Qapanır “qırmızı kitab”
Qapanır ilmə-ilmə herbari tənəkələr.

Kəsilir Hələb şamı,
Kəsilir Eldar şamı
Kəsilir ağacları, kolları,
Kəsilir bu şəhərin mərsinləri , zirincləri
Kəsilir Bakının ağ ciyərləri.

dan yeri sökülür, gün işığı yox ...

***

Əlləri öpülməyən qadın yuxular
Yorğun gündüzlərdə ha yoz çin olmur.
Yüz yol əllərindən öpülən qadın
Gecələr yuxuda göyərçin olmur.

Əlləri öpülmüyən qadın gecələr
Ölüm yuxusudu – yaz axşamları
Payız qoxuludu - qız çiçəkləri
Xəzan yarpağıdı quru əlləri

əlləri öpülməyən qadın yuxular
İslaq kipriklərinin kölgəsi torba
Taleyin hədiyyəsi –
Bir qara kəlağayı, bir göz yaşı yazığa
İşğal olan torpaq tək öyrəşib yalqızlığa.

***

Burda Abşeronun Səttar tablosu
Burda lalələrin ləçəyi qandı.
Burda qərənfilin bircə adı var,
Burda axşam səhər 20 yanvardı .

Nə yazı yaz olur, nə payız payız
Eləcə qış gəlir, əncir dəyməmiş
Eləcə yay olur çimərliyində
Adamlar eləcə qaralır gündə.

Adamlar oxşardı, damlar oxşardı
İç-içə otaqlar qonşuda itir.
Ümid adasında- ölü torpaqda
Cənazə şəklində ağaclar bitir

Sən sevə biməzsən ayı, günəşi
Dənizdən gün çıxır, ayın göy adı.
Gözəl xanımların, dul qadınların,
Hamının üstündə qızlıq soyadı.

Burda Abşeronun Səttar tablosu
Burda lalələrin ləçəyi qandı.
Burda qərənfilin bircə adı var,
Burda axşam-səhər 20 Yanvardı .

# 843 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #