Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi Azərbaycan mədəniyyətinin ölməz simalarından biri olan, öz möhtəşəm səsi və mahnıları ilə milyonların qəlbini fəth edən, dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunub.
Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrdən, Bülbüllə olan sıx dostluq əlaqələrindən bəhs edib.
Həmçinin Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək bu cür tədbirlərin sənətkarın irsinin təbliğində böyük rol oynadığını bildirib.
Tədbirdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərəfəliyeva, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Eleanora Mustafayeva, Emil Zeynallı, Sübhan Rüstəmov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Mustafayeva Rəşid Behbudovun repertuarından "Zibeydə", "Əziz surət", "Əziz dost", "Qızıl üzük", "Bakı", Azərbaycan xalq mahnısı "Qoy gülüm gəlsin, ay nənə", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası, Fikrət Əmirovun "Sevil" operasından Balaşın mahnısını səsləndiriblər. İfaçıları pianoda Fidan Məmmədova, Roza Səlimova, Tamara Nəhmədova müşayiət ediblər.
Tədbir zamanı Rəşid Behbudovun ifasında mahnılar, sənətkarın Bülbül haqqında fikirləri qonaqlara təqdim olunub.