Bu yağışda canavarlar da... - Günün şeiri

Vaqif Səmədoğlu, şair

Vaqif Səmədoğlu, şair

28 yanvar 2022
# 11:00

Bu gün Vaqif Səmədoğlunun ölümündən yeddi il keçir. Kulis.az “Günün şeiri” layihəsindən şairin “Eşidirsənmi?” şeirini təqdim edir.

Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...

1964

# 4311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #