Yanvarın 15-də Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatında mərhum yazıçı Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Kulis.az xəbər verir ki, tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.
Melodrama janrında hazırlanan tamaşada rolları Gülçin Qasımova və Cavid Baba ifa edib. Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, rejissoru Ziya Ağa, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova
məxsusdur.
Məlumat üçün qeyd edək ki, maraqlı aktyor oyunu, zəngin rejissor tapıntıları ilə müşayiət olunan tamaşa gənc aktyorların səhnə debütü idi.
Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.