"Bir ağır romanın yükü var bu hekayədə" - Hekayə müzakirəsi

"Bir ağır romanın yükü var bu hekayədə" - Hekayə müzakirəsi
17 yanvar 2024
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Həmid Herisçinin "Quşqovanlar diriləndə" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

İlham Əziz:

Elvira - İlham Əzizin hekayəsi

“Klassik Həmid hekayəsidi. İnformasiya bolluğu, inversiya, qatmaqarışıq mətn.

Belə mətnləri oxumaq hazırlıq tələb edir.

15-20 hekayənin detalları, özbaşınalıq, düşüncəyə, ağıla müxalif dönüşlər…

Həmidin nəsrinin altında xam şeirlər yatır. Arada mənə elə gəlir, bu adam şərqlə qərbin arasında çarmıxa çəkilib, cərcənək olacaq. Hekayə dilin sərhədlərini, ahəngini durmadan zorlayır. Qəsdən oxucunu məcbur edir ki, mətni yarıda saxlayıb, müəllifi söysün.

Reallıq, əfsun bir-birini döyüb şil-küt edir. Mətnin nəğməsi bizim nəğmə deyil, İran müğənnilərinin cazla sintezidi. Bu ağır mətni oxumaq ağır rok dinləməkdən də çətindi. Həmidin yarıyuxulu hekayələri texnoloji depresiyanın məhsuludu…”

Sevinc Elsevər:

Dünyanın ən yaraşıqlı kişisi tərk etsin səni - Sevinc Elsevərdən yeni  şeirlər

“Çox gözəl hekayə oxudum. Elə bil Həmid ağanın köhnə romanlarının kiçildilmiş modeliydi, vallah. Qlobus necə yer kürəsinin kiçildilmiş modelidirsə, eləcə. Bir ağır romanın yükü vardı bu hekayədə. Həmid ağa daimi mövzusuna sadiqdir burda da. Mövzu, süjet, təhkiyə... bir-birindən gözəl. Həmid ağadır bu. Sadəcə, möhtəşəm idi. Həmid ağa roman yazanda da, hekayə yazanda da şairdir. Orxan Pamuk romanlarının birində, deyəsən, " Qar" da yazırdı ki, həm də şair olan romançılara qibtə edir. Məncə, o, Həmid ağaya qibtə eləməlidir bu mənada. Bir hekayəni unudulmaz edən cəhətlərdən biri də maraqlı süjet tapmaqdır. Dəqiq bildim ki, bu hekayəni unutmayacam”.


Orxan Həsəni:

İnziva - Orxan Həsəninin yeni hekayəsi

“Həmid zaman geçdikcə daha da mürəkkəbləşir və tamam anlaşılmaz bir formaya düşür. Hər cümlədə şeir nəfəsi duyulur, dünyanı yerindən oynatmaq istəyi sezilir. Hekayədə buna ehtiyac varmı? Ümumiyyətlə, bunlar - aranı dağa, dağı arana qatmaqlar mənə olduqca yorucu və darıxdırıcı gəlir”.

Təvəkkül Boysunar:

Dərmansız - Təvəkkül Boysunar

“Təəssüf ki, mətni sonacan oxuya bilmədim. Mənə elə gəlir, bunun səbəbi hekayənin müasir həyatımızla səsləşməməsi, mətn müəllifinin hadisələri 21-ci əsr insanı kimi nəql etməməsi, üslubun cazibəli olmaması, mətndəki hadisələrin maraqsız və sıxıcı görsənməsi idi. Mətni mənə oxudacaq detallara, təəssüf ki, çox da rast gələ bilmədim.

Amma ədalət naminə onu da qeyd etməliyəm ki, bu, bəlkə də, mənim hal-hazırki əhvalıma görədir. Saday Budaqlı demişkən:

"Nəsə nə zamansa adamın xoşuna gəlmir, nə zamansa gəlir".


# 1820 dəfə oxunub

Müəllifin son yazıları

# # #